Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək

Siyasət Press-reliz 9 Sentyabr 2026 12:39 (UTC +04:00)
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 19-da Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşların iştirakı ilə təşkil olunacaq.

Tədbirin builki əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olacaq.

ICCD 2026 çərçivəsində texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizlik sahələrində baş verən dəyişikliklər müzakirə ediləcək. Konfransda tanınmış beynəlxalq ekspertlərin, Azərbaycanda akkreditə olunmuş səfir və diplomatların, eləcə də aidiyyəti beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Müzakirələr zamanı süni intellektin beynəlxalq münasibətlər və diplomatiyaya təsiri, kibermüttəfiqliklərlə strateji muxtariyyət arasında balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi artan rolu, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlər diqqət mərkəzində olacaq.

Eyni zamanda, kiberməkanda etimadın formalaşdırılması, dövlətlərin məsuliyyətli davranışının təşviqi, kritik infrastrukturun qorunması və transsərhəd təhlükəsizlik risklərinin idarə olunması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransın əsas məqsədi sürətlə dəyişən texnoloji və geosiyasi şəraitdə kiberməkanın gələcəyinə dair regional və beynəlxalq yanaşmaları müzakirə etmək, dövlətlər, beynəlxalq təşkilatlar, ekspert dairələri və özəl sektor arasında əməkdaşlıq və dialoqu gücləndirməkdir.

Qeyd edək ki, Kiberdiplomatiya üzrə ilk Beynəlxalq Konfrans 2024-cü ildə Azərbaycanda keçirilib. Tədbirdə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti