"UN-Habitat" Azərbaycanda iqlimə uyğunlaşma proqramı çərçivəsində layihələrin icrasına başlayır (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 8 Sentyabr 2026 16:36 (UTC +04:00)
"UN-Habitat" Azərbaycanda iqlimə uyğunlaşma proqramı çərçivəsində layihələrin icrasına başlayır (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") 10 milyon ABŞ dolları dəyərində iqlimə uyğunlaşma proqramı çərçivəsində bu il konkret layihələrin hazırlanması və ilkin işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bunu Trend-ə müsahibəsində BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı ofisində proqram meneceri kimi çalışan Runze Vanq bildirib.

Onun sözlərinə görə, 10 milyon ABŞ dolları həcmində olan proqram dörd il müddətinə nəzərdə tutulub və "UN-Habitat" tərəfindən BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ilə həyata keçirilir.

“Proqram milli səviyyədə iqlim planlaşdırmasını Bakı Böyükşəhər Aqlomerasiyası, Neftçala və Astara rayonlarında həyata keçiriləcək üç konkret pilot layihə ilə birləşdirir”, - deyə o qeyd edib.

Runze Vanq bildirib ki, Bakı ərazisində şəhər yaşıllaşdırılması və ictimai məkanın yağış sularının idarə edilməsi, eləcə də suya həssas şəhərsalma prinsipləri ilə birləşdirildiyi iqlimə davamlı hibrid parkın yaradılması hazırlanır.

“Neftçalada daşqınlar, dəniz və çay səviyyəsindəki dəyişikliklər, həmçinin şoranlaşma kimi riskləri nəzərə alan təkmilləşdirilmiş erkən xəbərdarlıq sisteminin hazırlanması nəzərdə tutulur. Məqsəd 20 mindən çox insanın vaxtında məlumatlandırılmasını yaxşılaşdırmaqdır”, - deyə proqram meneceri vurğulayıb.

Onun sözlərinə görə, Astarada isə yağış sularının toplanması və inteqrasiya olunmuş su idarəçiliyinə diqqət yetiriləcək.

“Burada əsas məqsəd yağıntıların sadəcə səth axınına çevrilməsinin qarşısını almaq, yağış sularını toplamaq və onlardan təkrar istifadə imkanlarını nümayiş etdirməkdir”, - deyə o bildirib.

Runze Vanq qeyd edib ki, 2026-cı ildə əsas diqqət layihələr üzrə hazırlıq işlərinə yönəldiləcək.

“Bu il ərzində ərazilərin qiymətləndirilməsi, ilkin məlumatların toplanması, məsləhətləşmələr, texniki-iqtisadi əsaslandırma və texniki hazırlıq işləri aparılacaq. Yaxın aylarda görəcəyimiz ilk nəticələr məhz bunlar olacaq. Fiziki qurğuların quraşdırılması və tikinti işləri isə proqramın növbəti icra mərhələlərində həyata keçiriləcək”, - deyə o əlavə edib.

Proqram meneceri vurğulayıb ki, iqlimə uyğunlaşma sahəsində düzgün hazırlıq işlərinin aparılması da mühüm nəticə hesab olunur.

“Məqsəd yalnız sürətlə nəsə inşa etmək deyil, gələcək iqlim şəraitində də faydalı olacaq obyektlər yaratmaqdır”, - deyə Runze Vanq bildirib.

Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər

Runze Vanq Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər və artan iqlim riskləri fonunda Bakı, Neftçala və Astara kimi sahilyanı ərazilərdə insanların və şəhər infrastrukturunun qorunması üçün vahid infrastruktur həllinin olmadığını bildirib.

“Bizim yanaşmamız daha keyfiyyətli iqlim məlumatlarının, risklər nəzərə alınmaqla məkan planlaşdırılmasının, təbiət əsaslı həllərin, erkən xəbərdarlıq sistemlərinin və daha səmərəli su idarəçiliyinin birləşdirilməsinə əsaslanır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, şəhər infrastrukturu uzunmüddətli istifadə üçün nəzərdə tutulur, lakin ətraf mühit şəraiti dəyişir.

“Yol, liman, drenaj çıxışı və ya yaşayış məhəlləsi sahil xətti dəyişdikdə sadəcə yerini dəyişə bilməz. Buna görə də şəhərlərə getdikcə daha çox uyğunlaşa bilən və qabaqlayıcı məkan planlaşdırması lazımdır. Müxtəlif iqlim və su səviyyəsi ssenarilərindən istifadə etməklə gələcəkdə yaşayış məntəqələrinin, infrastrukturun və ekosistemlərin necə qarşılıqlı təsir göstərə biləcəyini anlamaq vacibdir”, - deyə Runze Vanq bildirib.

O vurğulayıb ki, üç pilot layihə bu yanaşmanı müxtəlif istiqamətlərdə tətbiq etməyə imkan verəcək.

“Bakıda hibrid park ictimai məkanın eyni zamanda iqlim infrastrukturu kimi fəaliyyət göstərə bilməsini nümayiş etdirəcək. Bu məkan yağış sularının toplanmasına və idarə edilməsinə kömək etməklə yanaşı, istiliyin təsirini azaltmağa və şəhər mühitinin yaşayış üçün əlverişliliyini artırmağa xidmət edəcək”, - deyə o bildirib.

Neftçalada çay, sahil və şoranlaşma risklərinin kəsişdiyini qeyd edən proqram meneceri erkən xəbərdarlıq və risklər barədə məlumatların yerli qurumlara və əhaliyə daha erkən tədbir görməyə imkan verəcəyini deyib.

“Astarada isə yağış sularının toplanması və su idarəçiliyinin təkmilləşdirilməsi güclü yağıntıları potensial təhlükədən faydalı resursa çevirməyə imkan verə bilər”, - deyə Runze Vanq əlavə edib.

“Buna belə yanaşmaq olar: şəhərlər eyni vaxtda həm su qıtlığı, həm də həddindən artıq su problemi ilə üzləşə bilər. Burada əsas məsələ yalnız suyun miqdarı deyil, onun harada olması, nə vaxt gəlməsi və şəhər mühitinin buna necə reaksiya verməsidir”, - deyə o vurğulayıb.

COP29 və WUF13-dən sonra növbəti prioritet

Runze Vanq Azərbaycanın COP29 və WUF13 kimi iri beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən sonra əsas prioritetin beynəlxalq səviyyədə əldə olunan dinamikanı praktiki nəticələrə çevirmək olduğunu bildirib.

“Mən hesab edirəm ki, növbəti prioritet icradır. COP29 və WUF13 nəticəsində yaranmış beynəlxalq dinamikanı şəhərlərin planlaşdırılması, maliyyələşdirilməsi və tikintisi proseslərində praktiki dəyişikliklərə çevirmək lazımdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində Bakıda səsləndirilən mühüm mesajlardan biri iqlim dayanıqlığının inteqrasiya olunmuş məkan planlaşdırılması, infrastruktur, ictimai məkan, mənzil, məlumatlar, yerli idarəetmə imkanları və maliyyə ilə əlaqələndirilməsinin zəruriliyi olub.

“Xəzər bu yanaşmanı tətbiq etmək üçün çox konkret kontekst təqdim edir”, - deyə Runze Vanq bildirib.

O qeyd edib ki, "UN-Habitat"ın əsas üstünlüyü iqlim məlumatları ilə şəhər idarəçiliyi arasında əlaqənin qurulmasında özünü göstərir.

“Biz iqlim və həssaslıqla bağlı məlumatların məkan planlarına çevrilməsinə, bələdiyyə və milli səviyyədə planlaşdırma imkanlarının gücləndirilməsinə, təbiət əsaslı və suya həssas şəhər həllərinin hazırlanmasına dəstək verə bilərik”, - deyə o bildirib.

Runze Vanqın sözlərinə görə, "UN-Habitat" həmçinin əlavə dövlət, özəl və beynəlxalq iqlim maliyyəsinin cəlb edilməsi üçün kifayət qədər əsaslandırılmış və keyfiyyətli uyğunlaşma layihələrinin hazırlanmasına kömək edə bilər.
“Adaptasiya Fondu proqramı bunun üçün mühüm nümayiş platforması rolunu oynaya bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNEP, IOM, yerli hakimiyyət orqanları və digər tərəfdaşlarla birlikdə məqsədimiz üç pilot ərazidə gələcəkdə digər ərazilərdə də tətbiq oluna biləcək praktiki təcrübə formalaşdırmaqdır”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti