Xəzər dənizində iqlim çağırışlarının həlli üçün qarışıq maliyyələşməyə ehtiyac var - UNEP

Yaşıl iqtisadiyyat Materials 8 Sentyabr 2026 10:22 (UTC +04:00)
Xəzər dənizində iqlim çağırışlarının həlli üçün qarışıq maliyyələşməyə ehtiyac var - UNEP
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizində iqlim dəyişmələrinin yaratdığı çağırışların həlli üçün müxtəlif maliyyə mənbələrini birləşdirən qarışıq maliyyələşdirmə mexanizmlərindən istifadə edilməlidir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı ofisində proqram meneceri kimi çalışan Runze Vanq "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib.

"Bu, çoxölkəli və transsərhəd məsələdir. Buna görə də müxtəlif mümkün maliyyə mənbələrindən istifadə etməklə maliyyələşməyə ehtiyac var", - deyə o bildirib.

R.Vanq qeyd edib ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İqlimə Uyğunlaşma Fondu kimi iqlim fondlarından maliyyə vəsaitlərinin cəlb edilməsi istiqamətində iş aparılır.

"Artıq qeyd edildiyi kimi, konkret olaraq üç şəhərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr üçün dörd il ərzində istifadə edilmək məqsədilə 10 milyon dollar vəsait səfərbər etmişik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizində mövcud problemlərin miqyası hər hansı bir tərəfdaşın təkbaşına öhdəsindən gələ biləcəyi səviyyədə deyil.

"Bu, hər hansı bir tərəfdaşın təkbaşına həll edə biləcəyi qədər kiçik məsələ deyil. Buna görə də proses çərçivəsində beynəlxalq maliyyə institutları (IFI), daha geniş maraqlı tərəflərlə əməkdaşlıq etməyi və ölkələr üçün nəzərdə tutulan iqlim fondlarına çıxış imkanlarını genişləndirməyi planlaşdırırıq", - R.Vanq bildirib.

O əlavə edib ki, İqlimə Uyğunlaşma Fondundan bir ölkə üçün ayrılan maliyyə vəsaitinin yuxarı həddi də artırılıb.
"Xəzər dənizi ilə bağlı ən böyük çağırışların nədən ibarət olduğunu müəyyən etdikdən sonra ölkə üçün ikinci və üçüncü mərhələlərin həyata keçirilməsi imkanlarını nəzərdən keçirəcəyik", - deyə proqram meneceri əlavə edib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti