Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsinə Avropa İttifaqı (Aİ) səviyyəsində vahid qadağa tətbiq edilməsini təklif edib.
Makron bu təşəbbüsü Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə ünvanladığı məktubda irəli sürüb.
Fransa lideri məktubunda bildirib ki, növbəti mərhələdə yeni Avropa qanunvericilik aktının qəbul edilməsi və 15 yaşdan aşağı şəxslərin sosial media platformalarına girişinə qadağanın bütün Aİ ölkələrində vahid qaydada tətbiqi təmin olunmalıdır.
Onun sözlərinə görə, bu sahədə tətbiq ediləcək məhdudiyyətlər daha aydın şəkildə müəyyənləşdirilməli və hüquqi müstəvidə tənzimlənməlidir. Makron hesab edir ki, bu, yeni qaydaların üzv ölkələrin konstitusiya məhkəmələrinin tələblərinə uyğunluğunun təmin edilməsi baxımından vacibdir.
Qeyd edək ki, daha əvvəl Fransanın Konstitusiya Şurası oxşar qadağanın ölkənin əsas qanununa uyğun olmadığını açıqlayıb. Şura qadağanın əhatə dairəsinin həddindən artıq geniş olduğunu, çoxsaylı internet resurslarına şamil edildiyini və uşaqların fikir azadlığı hüququnu məhdudlaşdırdığını bildirib.
Makron, həmçinin, Aİ qanunvericiliyində sosial media platformalarında istifadəçilərdə asılılıq yarada bilən funksiyaların müəyyənləşdirilməsi və onların tənzimlənməsi üçün hüquqi mexanizmlərin yaradılmasına çağırıb.
Bundan əlavə, Fransa Prezidenti sosial şəbəkələr üçün vahid
təhlükəsizlik standartlarının müəyyən edilməsini, o cümlədən
platformalardan istifadə müddətinə məhdudiyyətlərin tətbiq
olunmasını təklif edib.