Yaxın günlərdə Günəş Enerjisi İnstitutu ilə birgə “Train the Trainers” proqramı elan olunacaq - Bəxtiyar Aslanbəyli

İqtisadiyyat Materials 7 Sentyabr 2026 16:51 (UTC +04:00)
Yaxın günlərdə Günəş Enerjisi İnstitutu ilə birgə “Train the Trainers” proqramı elan olunacaq - Bəxtiyar Aslanbəyli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın günlərdə səkkiz ölkədə və Almaniyada yerləşən Günəş Enerjisi İnstitutu ilə birgə “Train the Trainers” formatında yeni proqramın elan olunması nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müasir bərpa olunan enerji laboratoriyasının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, layihənin həyata keçirilməsində bütün tərəflərin töhfəsi olub:

“Bu layihənin ərsəyə gəlməsində bütün tərəflər öz töhfələrini veriblər. Layihənin yekunlaşmasına və növbəti mərhələyə çatmasına hər kəs öz töhfəsini verə bildi”.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, layihənin əsası 2020-ci ildə qoyulub. Həmin dövrdə bp-nin strategiyasında bərpaolunan enerji sahəsi xüsusi istiqamətlərdən biri olub.

“2020-ci ildə ilk dəfə bu istiqamətdə təşəbbüs irəli sürüləndə əsas diqqətçəkən məsələlərdən biri ölkədə bərpaolunan enerji sahəsində kadr potensialının necə formalaşdırılması idi. Həmin vaxt bu təşəbbüsün dəstəklənməsi ilə bağlı müzakirələr aparıldı və nazirlik tərəfindən belə bir təşəbbüsə böyük məmnuniyyətlə dəstək veriləcəyi bildirildi”.

Onun sözlərinə görə, ilkin investisiya cəlb edildikdən sonra proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

“Nəticə etibarilə belə bir ikili proqram əvvəl Təhsil Nazirliyinin, daha sonra isə Elm və Təhsil Nazirliyinin müstəsna dəstəyi ilə mümkün oldu. Proqramın elmi-texniki bazası, o cümlədən laboratoriyalar məhz bu layihə çərçivəsində yaradıldı”.

Vitse-prezident vurğulayıb ki, layihə çərçivəsində müəllimlərin ingilis dili biliklərinin artırılması, eləcə də iki qrup tələbə üçün dəstək proqramları həyata keçirilib.

“Bu gün açılışında iştirak etdiyimiz mərkəz bizim üçün sadəcə avadanlıq və laboratoriyaya qoyulan investisiya deyil. Bu, Azərbaycanın insan kapitalına, insan potensialına və yeni enerji, xüsusilə də bərpa olunan enerji sahəsinin gələcəyinə qoyulan sərmayədir”.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, mərkəzdə yetişən gənclər, alimlər və mütəxəssislər yalnız bir şirkət üçün deyil, bütövlükdə Azərbaycanın enerji sektoru üçün hazırlanır.

O, ADNSU rəhbərliyini, tələbələri və layihədə iştirak edən bütün tərəfdaşları təbrik edib:

“Çox şadıq ki, biz də bu layihədə öz töhfəmizi verə bilmişik. Mərkəz çox incə detallara qədər düşünülərək hazırlanıb. Burada laboratoriya dərsləri və məşğələləri, mühazirələr, kitabxana və əməkdaşlıq imkanları nəzərə alınaraq yüksək səviyyədə şərait yaradılıb”.

O əlavə edib ki, bp-nin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr bununla məhdudlaşmır.
“Bu, bizim bərpa olunanenerji sahəsində ilk layihəmiz deyil. İndiyədək Azərbaycan dilində ilk "Bərpa olunan enerji ehtiyatlarına giriş" dərsliyi tərcümə olunub. Bundan əlavə, iki peşə məktəbində daha kiçikmiqyaslı laboratoriyalar yaradılıb”.

Bəxtiyar Aslanbəylinin sözlərinə görə, yaxın günlərdə səkkiz ölkədə və Almaniyada yerləşən Günəş Enerjisi İnstitutu ilə birgə “Train the Trainers” formatında yeni proqramın elan olunması nəzərdə tutulur.

“Bu proqram çərçivəsində bərpaolunan enerji üzrə 20 təlimçinin hazırlanması nəzərdə tutulur”.

O bildirib ki, Bakı Dövlət Universitetində də enerji saxlanc sistemləri üzrə xüsusi laboratoriyanın yaradılması planlaşdırılır.

“Hazırda Bakı Dövlət Universitetində enerji saxlanc sistemləri üzrə laboratoriyanın qurulması ilə bağlı işlər aparılır. Gələn həftə bu istiqamətdə müzakirələrimiz olacaq və müqavilənin imzalanması ərəfəsindəyik”.

Vitse-prezident vurğulayıb ki, bp bərpaolunan enerji sahəsinin Azərbaycanın təhsil sistemində daha geniş təmsil olunmasına töhfə verməkdə maraqlıdır.

“Çox şadıq ki, bərpaolunan enerji sahəsində öz töhfəmizi verərək bu istiqamətin Azərbaycan tədris sistemində daha geniş şəkildə təmsil olunmasına dəstək veririk. ADNSU ilə tərəfdaşlığımız indiyədək kifayət qədər geniş müstəvidə davam edib və bundan sonra da böyük əminliklə davam edəcək”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti