Bakı. Trend:
Türkiyəli din xadimi Güvən Dumanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfərin Türk dünyası üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Trend-in müxbirinin xəbərinə görə, Güvən Dumanlı bunu din xadimlərinin Azərbaycana səfəri çərçivəsində Bakıda Zəfər Parkında jurnalistlərə açıqlamasında deyib.
O, ilk növbədə, dəvətə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və onun kollektivinə təşəkkür edib.
“Türkiyənin bir çox şəhərindən, eləcə də digər ölkələrdən nümayəndə heyətləri şəklində buranı ziyarət edirik. Bu gözəl abidə türk dünyası və bizim tariximiz üçün çox böyük əhəmiyyət daşıyan, çox mühüm bir yerdir”, – deyə G.Dumanlı bildirib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərləri işğal altında olan torpaqları azad ediblər:
“Bu yolda canlarını fəda edən, qanlarını torpağa qarışdıran əsgərlərimiz var. Qazi kimi geri qayıdanlar var. Bu cəbhədə döyüşərək Azərbaycan bayrağını həmin torpaqlara yenidən sancan əsgərlərimiz var. Onların qarşısında hörmətlə baş əyirik”.
Din xadimi Zəfər Parkının Türk dünyası üçün şərəf abidəsi olduğunu qeyd edib.
“Bizdən gözlənilən də elə budur. Fateh Sultan Mehmetdən Şah İsmayıl Səfəviyə, Mustafa Kamal Atatürkdən Ümummilli Lider Heydər Əliyevə qədər türk dünyasının, türk torpaqlarının istiqlalı və azadlığı uğrunda mühüm işlər görülüb. Bu gün isə Ali Baş Komandan, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan türk dünyasının, türk torpaqlarının istiqlalı və azadlığı, eləcə də bütün dünyada türk dövlətlərinin gücünü göstərmək üçün çox yaxşı işlər görürlər”, – G.Dumanlı vurğulayıb.
O əlavə edib ki, Azərbaycan və Türkiyə liderləri bu istiqamətdə gördükləri işlərlə adlarını tarixə “qızıl hərflərlə” yazdırıblar.
“Buradan Ali Baş Komandana çox təşəkkür edirik. Azərbaycan çox haqlı və doğru bir müharibə aparıb, hər kəsin dəstəklədiyi bir savaş keçirib. Bu müharibədə düşmən qalib gələ bilmədi. Hətta ermənilərin arasında belə "Qarabağ onsuz da Azərbaycanın idi, bizim orada nə işimiz var idi?" deyənlər var”, – deyə o bildirib.
G.Dumanlı Azərbaycanın bu mənada dünyaya “müharibə dərsi” verdiyini söyləyib.
“Burada olmaq bizim üçün bir şərəfdir. Sabah da arzumuzu gerçəkləşdirəcəyik. İllərdir həsrəti ilə yandığımız, Xocalı qətliamını İstanbulda, Zeynəbiyyədə, eləcə də 20 Yanvar şəhidlərini yad edərkən inanırdıq ki, bir gün Şuşada, Xankəndidə, Ağdamda, Qarabağda olacağıq. İnşallah, həmin yerlərdə şəhidlərimizi yad edəcəyik. Sabah bunu həyata keçirəcəyik”, – deyə din xadimi qeyd edib.
O, uşaqlıqdan arzuladığı Qarabağ səfərini həyata keçirəcəyi üçün xoşbəxt və qürurlu olduğunu bildirib.
“Çox xoşbəxtik, çox şərəfliyik, çox qürurluyuq. Ali Baş Komandan İlham Əliyevə, Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasına və Azərbaycan Respublikasına, onların ordularına və əsgərlərinə çox təşəkkür edirik”, – G.Dumanlı əlavə edib.
