Bakı. Trend:
Azərbaycanda müəyyən meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini avans şəklində əldə edə biləcəklər.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni mexanizm 5-100 hektar əkin sahəsi olan, siyahısı müəyyən edilən yazlıq və payızlıq birillik bitkilər becərən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.
Avans subsidiyası üçün müraciət edən fermerlərin sahələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan ediləcək. Sahələrin əkinə hazırlıq vəziyyətinin monitorinqi zamanı rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.
Yeni mexanizm Aqrar Subsidiya Şurasının qərarı ilə təsdiqlənib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramı 2026–2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar dəyər zəncirlərinin inkişafını, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsini nəzərdə tutur.
Proqramın əsas məqsədlərindən biri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyini artırmaq, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidi sürətləndirmək və bununla ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirməkdir.
