Bakı. Trend:
Syerra-Leonenin keçmiş prezidenti (2007-2018) Ernest Bey Koroma dövlətə xəyanət ittihamlarının ləğv edilməsindən sonra sürgündən ölkənin paytaxtı Fritauna qayıdıb. Bu barədə SABC radiostansiyası məlumat yayıb.
72 yaşlı Koroma hava limanında bildirib: “Mən evə qayıtmışam və xoşbəxtəm”. Onu Syerra-Leonenin xarici işlər naziri Məhəmməd Rəhman Suarrey və Koromanın rəhbərlik etdiyi müxalif Ümumxalq Konqresi partiyasının nümayəndələri qarşılayıblar. Təyyarə Nigeriyadan gəlib.
İyul ayında Syerra-Leonenin Baş Prokurorluğu Koromaya qarşı dövlət çevrilişinə cəhdlə bağlı dövlətə xəyanət ittihamlarını götürüb. İttihamlar 2024-cü ilin yanvarında Fritaun məhkəməsi tərəfindən 2023-cü ilin noyabrında baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı aparılan araşdırma çərçivəsində keçmiş prezidentə qarşı irəli sürülmüşdü. Ölkədə qiyamda şübhəli bilinən 85 nəfər həbs edilmişdi.
Koromaya ittiham irəli sürüldükdən bir neçə gün sonra Ali Məhkəmə ona Nigeriyada müalicə kursu keçməsi üçün üç ay müddətinə ölkəni tərk etməyə icazə verib. Bu müddət başa çatdıqdan sonra dövlətin keçmiş başçısı vətəninə qayıtmayıb.
2028-ci ildə Syerra-Leonedə prezident seçkiləri keçiriləcək.
