“Şimal-2” Elektrik Stansiyasında istehsal olunan enerjinin həcmi məlum olub

Energetika Materials 5 Sentyabr 2026 11:37 (UTC +04:00)
“Şimal-2” Elektrik Stansiyasında istehsal olunan enerjinin həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Şimal-2” Elektrik Stansiyasında (ES) istismara verildiyi tarixdən bu ilin sentyabr ayınadək 21,1 milyard kVt·st elektrik enerjisi istehsal edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

7 il əvvəl - 2019-cu ilin 5 sentyabr tarixində Bakı şəhərində yerləşən “Şimal-2” Elektrik Stansiyası (ES) istismara verilib. Buxar-qaz tipli elektrik stansiyasının qoyuluş gücü 400 MVt-dır.

Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir. Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı azaldaraq daha çox qazın ixracına imkan verəcək.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur.

Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformasının formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir. Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir. "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş imkanlar yaradır", – deyə Pərviz Şahbazov vurğulayıb.

Nazirin sözlərinə görə, Bakı şəhərində yerləşən "Green Corridor Alliance" birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini əlaqələndirir. Bununla yanaşı, "Xəzər–Qara dəniz–Avropa" Yaşıl Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları üzrə də intensiv işlər davam etdirilir. Pərviz Şahbazov bildirib ki, "yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini formalaşdırır" və bu təşəbbüslər yalnız enerji ixracını deyil, həm də rəqəmsal bağlantıların, fiber-optik infrastrukturun və regional iqtisadi əməkdaşlığın inkişafını stimullaşdıracaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti