Bakı.Trend:
Şimali Makedoniya və Serbiya Qərbi Balkanlar istiqamətində infrastruktur şəbəkəsini genişləndirərək və regionda qaz təchizatının şaxələndirilməsi üçün əlavə imkanlar yaradaraq rəsmi şəkildə Şaquli Qaz Dəhlizinə qoşulublar.
Şimali Makedoniyanın Energetika, Mədən Sənayesi və Mineral Ehtiyatlar Nazirliyinin məlumatına görə, müvafiq anlaşma memorandumu Cənub-Şərqi Avropa Enerji Forumu çərçivəsində Salonikidə region ölkələrinin qaz nəqli sistemləri operatorları tərəfindən imzalanıb. Təşəbbüs çərçivəsində Yunanıstanın DESFA operatoru və dəhlizin digər iştirakçıları Şimali Makedoniyanın NOMAGAS və Serbiyanın "Transportgas Serbia" şirkətlərinin qoşulmasını rəsmi şəkildə alqışlayıblar.
Şimali Makedoniya üçün Şaquli Qaz Dəhlizində iştirak xüsusi əhəmiyyət daşıyır. Belə ki, ölkə regional qaz infrastrukturuna inteqrasiya olunmaq və o cümlədən Yunanıstanın qaz sistemi vasitəsilə cənub istiqamətindən tədarük imkanlarına çıxış əldə etmək imkanı qazanır.
Şimali Makedoniyanın Energetika, mədən sənayesi və mineral ehtiyatlar naziri Sanyaa Bojinovskanın sözlərinə görə, bu strategiyanın əsas elementlərindən biri Yunanıstanla inşa edilən qaz interkonnektorudur.
“Yunanıstanın qaz sisteminə qoşulmaqla Makedoniya Cənub Qaz Dəhlizinə və Revitussa və Aleksandrupolisdəki LNG terminalları vasitəsilə tədarük imkanlarına çıxış əldə edəcək ki, bu da daha çox alternativ təbii qaz mənbəyinə çıxış açacaq”,- deyə o qeyd edib.
Beləliklə, Şimali Makedoniyanın Şaquli Qaz Dəhlizinə qoşulması Avropanın cənubunu Mərkəzi və Şərqi Avropa ilə birləşdirməli olan, eyni zamanda Qərbi Balkan ölkələri üçün tədarük imkanlarını genişləndirən yeni enerji marşrutunun formalaşması fonunda baş verir.
Cənub Qaz Dəhlizinə çıxış
Cənub Qaz Dəhlizinə qoşulmaq perspektivi Şimali Makedoniyanın Azərbaycanla əməkdaşlığı baxımından da xüsusi maraq doğurur.
Uzunmüddətli strategiya çərçivəsində Şimali Makedoniya Azərbaycandan təbii qaz tədarükünü təmin etməyi və bu resurslardan milli enerji planlarında istifadə etməyi nəzərdə tutur.
Şimali Makedoniyanın Energetika, Mədən Sənayesi və Mineral Ehtiyatlar Nazirliyinin qaz sektoru üzrə rəhbəri Qoran Nikolovski bu ilin mart ayında Trend-ə bildirib ki, Azərbaycan qazının tədarükü ölkəyə baza və pik yükləri qarşılamağa, həmçinin bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının çevikliyini təmin etməyə imkan verəcək.
“Ölkəmizin təxminən 2 giqavatlıq bərpa olunan enerji gücü var. Biz Azərbaycandan qaz tədarükü hesabına elektrik enerjisi istehsalını balanslaşdırmağa çalışırıq. Bu balans xüsusilə gecə saatlarında və enerji istehsalının aşağı olduğu dövrlərdə böyük əhəmiyyət kəsb edir”,- deyə o bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı sahəsində artıq müəyyən irəliləyiş əldə olunub. Müvafiq Azərbaycan qurumları ilə işçi qrupları yaradılıb və Şimali Makedoniyada qaz layihələri başa çatdıqdan sonra daha geniş əməkdaşlıq sazişi üçün əsas olacaq yeni memorandumun imzalanması planlaşdırılır.
Eyni zamanda, Azərbaycan və Şimali Makedoniya arasında qaz sahəsində əməkdaşlıq artıq uzunmüddətli planlar çərçivəsindən kənara çıxıb. Trend-in daha əvvəl məlumatlı mənbədən əldə etdiyi məlumata görə, 2025-ci il dekabrın 1-dən Azərbaycan təbii qazı Şimali Makedoniyada məişət və sənaye istehlakçılarına tədarük edilir. Mənbənin sözlərinə görə, tədarük SOCAR, "M-Gaz" və "CNG Systems" şirkətlərinin əməkdaşlığı sayəsində təşkil olunub. Söhbət 2024-cü ildən Bolqarıstanda həyata keçirilən virtual qazlaşdırma layihəsinin pilot şəkildə genişləndirilməsindən gedir.
Şimali Makedoniya regional qaz sisteminə necə qoşulur
Şimali Makedoniyanın Şaquli Qaz Dəhlizinə qoşulması vahid yeni qaz kəmərinin tikintisi anlamına gəlmir. Söhbət qazın Avropanın cənubundan şimalına bir neçə istiqamət üzrə nəqlinə imkan verəcək milli qaz nəqli sistemlərinin, interkonnektorların və terminalların inteqrasiyasından gedir.
Hazırda Şimali Makedoniya üçün əsas layihələrdən biri Yunanıstanla interkonnektordur. Onun tikintisi artıq davam edir və istismara verilməsi 2027-ci ildə gözlənilir.
Şimali Makedoniyanın nazirinin sözlərinə görə, 68 kilometr uzunluğunda qaz kəmərinin tikintisi başa çatdırılmalıdır. Bununla paralel olaraq, ölkə Serbiya ilə birləşməni də inkişaf etdirir — müvafiq müqavilə artıq imzalanıb və bu interkonnektorun uzunluğu 23 kilometr olacaq.
2028-ci ilədək Yunanıstandan Şimali Makedoniya vasitəsilə Serbiyaya qədər uzanan bağlantının formalaşacağı gözlənilir.
Yunanıstanla interkonnektor Şimali Makedoniyaya Yunanıstanın qaz sisteminə, eləcə də Revithussa və Aleksandrupolisdəki LNG terminallarına çıxış imkanı verəcək. Nazirliyin məlumatına əsasən, interkonnektorun ilkin ötürmə qabiliyyəti ildə 1 milyard kubmetr qaz təşkil edəcək.
Serbiya ilə birləşmə isə öz növbəsində şimal istiqamətinə, həmçinin Mərkəzi və Şərqi Avropanın qaz nəqli sistemlərinə çıxışı təmin edəcək. Onun layihə gücü ildə 1,5 milyard kubmetr təşkil edəcək.
Qərbi Balkanlar üçün yeni marşrut
Şimali Makedoniya və Serbiyanın qoşulmasından sonra Şaquli Qaz Dəhlizi artıq müstəsna olaraq Yunanıstanı Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Slovakiya və Macarıstanla birləşdirən marşrut olmaqdan çıxır.
Qərbi Balkanlar istiqamətində genişlənmə, Yunanıstan terminalları vasitəsilə daxil olan LNG də daxil olmaqla qazın Şimali Makedoniyaya, daha sonra isə Serbiyaya yönəldilə biləcəyi əlavə bir ox formalaşdırır.
Şimali Makedoniya üçün bu, son istehlakçı rolundan Avropanın cənubu ilə Mərkəzi Avropa arasında potensial tranzit həlqəsi roluna mərhələli keçid deməkdir.
Azərbaycan üçün də bu infrastrukturun genişlənməsi əlavə perspektivlər açır. İnterkonnektorların inkişafı və Şimali Makedoniyanın regional qaz sisteminə inteqrasiyası ilə Cənub Qaz Dəhlizi ilə əlaqəli infrastruktur vasitəsilə Azərbaycan qazının Qərbi Balkanlar bazarına çıxışının genişləndirilməsi üçün şərait yaranır.
Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan təbii qazını əldə edən ölkələrin sayı 16-ya çatıb ki, bu da ölkəni boru kəmərləri ilə qaz ixracının coğrafi əhatə dairəsinə görə dünya liderləri sırasına çıxarır.
Ötən il Avropa İttifaqına boru kəmərləri ilə qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşüb.
Ötən il və cari ilin ilk dörd ayında Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib.
