80 faizlik güzəşt və Cənubi Qafqazda yeni ikili standart: Aİ-nin Ermənistan qərarının məqsədi nədir?

Siyasət Materials 5 Sentyabr 2026 12:01 (UTC +04:00)
80 faizlik güzəşt və Cənubi Qafqazda yeni ikili standart: Aİ-nin Ermənistan qərarının məqsədi nədir?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Ermənistan məhsullarına münasibətdə yeni ticarət güzəştləri tətbiq etmək qərarı ilk baxışdan iqtisadi dəstək tədbiri kimi təqdim olunsa da, məsələnin mahiyyəti Cənubi Qafqazda formalaşan rəqabət mühiti, Avropanın xarici ticarət siyasətinin prinsipləri və iqtisadi münasibətlərə siyasi amillərin təsiri baxımından daha geniş qiymətləndirilməlidir: Brüssel Ermənistan ixracının təxminən 80 faizini əhatə edən məhsullar üzrə idxal rüsumlarını müvəqqəti dayandırmaqla Yerevana Aİ bazarında ciddi üstünlük qazandırır və bununla da regiondakı digər ölkələr üçün haqlı olaraq bərabər rəqabət məsələsini gündəmə gətirir.

80 faizlik güzəştin real miqyası

2 sentyabr 2026-cı ildə Aİ Şurası Ermənistan mallarına münasibətdə müvəqqəti ticarət liberallaşdırılması tədbirlərinin tətbiqini nəzərdə tutan Avropa Komissiyasının təklifini dəyişikliksiz dəstəkləyib. Bu qərar Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80 faizinin liberallaşdırılmasına imkan verir. Hazırkı mərhələdə söhbət Şuranın mövqeyindən gedir və tənzimləmənin sürətli şəkildə qəbul edilməsi üçün Avropa Parlamenti də təklifi dəyişikliksiz təsdiqləyib.

Tədbirlər qüvvəyə minəcək tənzimləmədən sonra iki il müddətində tətbiq olunmalıdır. Güzəştlər kənd təsərrüfatı məhsulları da daxil olmaqla geniş məhsul qrupunu əhatə edir və bəzi aqrar mallar üzrə tarif kvotalarının tətbiqi nəzərdə tutulur. Rəsmi Aİ məlumatına görə, əhatə olunan məhsullar Ermənistanın Rusiyaya təzə meyvə, tərəvəz və bitki ixracının təxminən 99 faizini, içki və spirtli məhsullar ixracının isə 91 faizindən çoxunu təşkil edir.

Brüssel bu addımı Ermənistan iqtisadiyyatına dəstək və ölkənin ixrac bazarlarının şaxələndirilməsi ilə əsaslandırır. Aİ-nin açıqlamasına görə, Rusiyanın tətbiq etdiyi son ticarət məhdudiyyətləri Ermənistanın ixracına və tranzit marşrutlarına təsir göstərib. Yeni mexanizmin məqsədlərindən biri də bu təsirlərin yumşaldılması və Aİ ilə Ermənistan arasında ticarət əlaqələrinin daha da gücləndirilməsidir.

Məhz burada məsələnin yalnız iqtisadi çərçivədə qiymətləndirilməsi kifayət etmir.

İqtisadi qərarın siyasi fonu

Aİ qərarını Ermənistan iqtisadiyyatının üzləşdiyi problemlərə cavab kimi təqdim edir. Lakin qərarın siyasi konteksti də kifayət qədər aydındır. Avropa Komissiyasının 2 iyul 2026-cı il tarixli açıqlamasında Ursula fon der Lyayen Ermənistanın islahat və Aİ ilə daha sıx tərəfdaşlıq yolunu seçdiyini vurğulayaraq ölkənin ixracının 80 faizinə rüsumsuz çıxış təklif edildiyini və əlavə olaraq 52 milyon avro maliyyələşmənin nəzərdə tutulduğunu bildirib.

Bu məqam Brüsselin iqtisadi siyasətinin geosiyasi prioritetlərdən tam ayrı olmadığını göstərir. Ermənistanın siyasi kursunun dəyişməsi və Avropa ilə yaxınlaşması fonunda ona yeni iqtisadi imkanların yaradılması təsadüfi görünmür. Burada iqtisadi alətin siyasi tərəfdaşlığı möhkəmləndirmək vasitəsinə çevrilməsi müşahidə olunur.

Bu yanaşmanın özü Aİ üçün legitim siyasi seçim sayıla bilər. Ancaq problem həmin seçimin Cənubi Qafqazdakı digər iqtisadi aktorlar üçün yaratdığı nəticələrdədir. Əgər iqtisadi münasibətlər vahid və hamı üçün eyni prinsiplərlə deyil, siyasi yaxınlıq səviyyəsinə uyğun fərqləndirilirsə, o zaman söhbət sırf azad rəqabətdən getmir.

Cənubi Qafqazda bərabər rəqabət sualı

İllər ərzində Avropa İttifaqı ilə praqmatik və bərabərhüquqlu iqtisadi münasibətlər qurmağa çalışan, müstəqil iqtisadi siyasət yürüdən və regional infrastruktur layihələrinə böyük sərmayələr yatıran ölkələrin mövcudluğu fonunda konkret bir dövlət üçün ayrıca və genişmiqyaslı ticarət güzəştlərinin yaradılması regional rəqabət baxımından suallar doğurur.

Azərbaycanın mövqeyi məhz bu nöqtədə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun müddətdir Avropa ilə enerji, nəqliyyat, logistika, investisiya və digər sahələrdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qurur. Ölkənin regional nəqliyyat və enerji infrastrukturu Avropanın iqtisadi və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır. Belə şəraitdə bir ölkənin məhsullarına genişmiqyaslı preferensial rejim tətbiq edilərkən digər regional iqtisadi tərəfdaşların rəqabət imkanlarının necə qorunacağı sualı tamamilə əsaslıdır.

Məsələ Ermənistanın Avropa bazarına çıxış əldə etməsinə etiraz etmək deyil. Hər bir ölkənin yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi iqtisadi baxımdan müsbət hadisədir. Məsələ bundan ibarətdir ki, Aİ ilə əməkdaşlıq edən ölkələr üçün eyni meyarların tətbiqi prinsipial əhəmiyyət daşıyır. Əks halda regional iqtisadi münasibətlərdə təbii rəqabətin yerini siyasi üstünlüklər müəyyən etməyə başlayır.

Aİ-nin Ermənistan siyasəti regiondakı ziddiyyətləri dərinləşdirir

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Məzahir Əfəndiyev Avropa İttifaqının Ermənistanla münasibətlərini Cənubi Qafqazda həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirdiyini bildirib.

Deputatın fikrincə, Ermənistanın Aİ üçün regional siyasətdə əhəmiyyətli tərəfdaş olaraq qalmasını təmin etmək məqsədilə müxtəlif iqtisadi və siyasi təşəbbüslər irəli sürülür. O bu kontekstdə Ermənistanın yerli istehsal etdiyi məhsulların Avropa bazarında güzəştlər tətbiq olunmaqla satışının həyata keçirilməsinə xüsusi diqqət çəkib.

M.Əfəndiyev eyni zamanda Ermənistan məhsullarının Avropa bazarlarına çıxarılması zamanı beynəlxalq təşkilatlar tərəfindən müəyyənləşdirilmiş müvafiq standart və tələblərin nəzərə alınmamasını diqqətçəkən məqam kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür halları müəyyən mənada qanun pozuntuları və ikili standart yanaşması kimi dəyərləndirmək mümkündür.

M.Əfəndiyev hesab edir ki, Ermənistanın ənənəvi tərəfdaşları ilə münasibətlərinin yeni geosiyasi reallıqlar şəraitində hansı istiqamətdə inkişaf edəcəyinin qeyri-müəyyən qalması İrəvanın TRIPP layihəsi üzrə yekun mövqeyinin formalaşdırılmasını və bununla bağlı praktiki addımların atılmasını müəyyən qədər ləngidə bilər.

Milli Məclisin deputatı Aİ-nin Rusiya ilə geosiyasi qarşıdurma fonunda Ermənistana siyasi və digər istiqamətlərdə dəstəyini artırmasının regional proseslərə təsirinə də diqqət çəkib. O, belə yanaşmanın Cənubi Qafqazda mövcud geosiyasi ziddiyyətləri daha da dərinləşdirdiyini və nəticə etibarilə dayanıqlı sülhün təmin olunması prosesini ləngidən amillərdən birinə çevrildiyini vurğulayıb.

Tarifdən kənar baryerlər və fərqli yanaşma problem

Avropa bazarına çıxış yalnız gömrük rüsumlarından ibarət deyil. Fitosanitar, texniki və ekoloji standartlar, mənşə qaydaları və digər qeyri-tarif tələbləri ixracatçı ölkələr üçün ciddi prosedur və bürokratik yük yarada bilər. Bu standartların tətbiqi normal halda istehlakçı təhlükəsizliyi, məhsul keyfiyyəti və bazarın qorunması ilə izah olunur.

Lakin problem standartların özündə deyil, onların tətbiqində vahid yanaşmanın olub-olmamasındadır.

Əgər bir ölkənin məhsulları üçün sərt texniki, fitosanitar və ekoloji tələblər əsas maneə kimi çıxış edir, başqa ölkəyə isə siyasi yaxınlaşma fonunda genişmiqyaslı tarif güzəştləri təqdim olunursa, bu, bərabər oyun qaydalarının olub-olmaması barədə sual yaradır. Başqa sözlə, qeyri-tarif maneələrinin iqtisadi standartdan daha çox siyasi süzgəc funksiyası daşıması barədə narahatlıq meydana çıxır.

Burada xüsusilə vurğulanmalı məqam odur ki, Aİ-nin rəsmi qərarı Ermənistan üçün bütün tələblərin ləğv edildiyini bildirmir. Əksinə, preferensial rejim müəyyən şərtlərlə əlaqələndirilir. Ermənistan mənşə qaydalarına əməl etməli, Aİ ilə inzibati əməkdaşlığı davam etdirməli, Aİ-dən idxala yeni ticarət məhdudiyyətləri tətbiq etməməli, həmçinin Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin demokratiya, qanunun aliliyi və insan hüquqları ilə bağlı əsas elementlərinə riayət etməlidir. Bundan başqa, Aİ bazarını mümkün mənfi təsirlərdən qorumaq üçün müdafiə tədbirləri də nəzərdə tutulur.

Deməli, məsələ texniki standartların tamamilə aradan qaldırılmasından yox, güzəştli tarif rejiminin hansı siyasi və iqtisadi kontekstdə yaradılmasından gedir.

“Xilasetmə” mexanizmi nə dərəcədə dayanıqlıdır?

Ermənistan üçün rüsumların müvəqqəti dayandırılması ölkə məhsullarının avtomatik şəkildə Avropa standartlarına tam uyğunlaşdığını sübut etmir. Tarif güzəşti ilə məhsulun keyfiyyət və texniki standartlara uyğunluğu iki ayrı məsələdir.

Bu mexanizm Ermənistan ixracatçılarına Aİ bazarında qiymət baxımından əlavə üstünlük verə bilər. Lakin həmin üstünlüyün yaranması məhsulların rəqabət qabiliyyətinin fundamental şəkildə dəyişməsi demək deyil. Əgər iqtisadiyyatın başqa bazarlarda itirdiyi imkanlar yeni güzəştlərlə kompensasiya edilirsə, burada uzunmüddətli və dayanıqlı inteqrasiyadan daha çox keçid xarakterli dəstək mexanizmi görmək mümkündür.

Aİ-nin özünün qərarı “müvəqqəti” adlandırması da bunun mühüm göstəricisidir. Güzəştlərin müddəti iki illə məhdudlaşdırılır və onlar tənzimləmənin qüvvəyə minməsindən etibarən tətbiq olunmalıdır.

Bu, bir tərəfdən Brüsselin Ermənistan iqtisadiyyatına operativ yardım göstərmək niyyətini nümayiş etdirir, digər tərəfdən isə uzunmüddətli və zəmanətli bazar inteqrasiyasından söhbət getmədiyini göstərir.

İki illik müddət və siyasi təsir imkanları

İki illik müddət başqa bir sualı da ortaya çıxarır: müvəqqəti iqtisadi güzəşt siyasi münasibətlərdən nə dərəcədə asılı olacaq?

Əgər bir ölkəyə verilən preferensial rejim müəyyən siyasi şərtlərlə bağlanırsa, iqtisadi üstünlük eyni zamanda siyasi təsir alətinə çevrilə bilər. Bu baxımdan Aİ-nin güzəşti yalnız “bazara çıxış” kimi deyil, tərəfdaşlığın siyasi istiqamətini təşviq edən mexanizm kimi də qiymətləndirilə bilər.

Brüssel Ermənistanın Avropa ilə yaxınlaşmasını açıq şəkildə dəstəkləyir. Aİ rəsmiləri Ermənistanın islahatlar və daha sıx əməkdaşlıq istiqamətində seçim etdiyini vurğulayır və iqtisadi dəstəyi həmin siyasi kursla əlaqələndirirlər.

Belə yanaşma Avropa İttifaqına siyasi baxımdan sərfəli ola bilər. Lakin onun yaratdığı presedent Cənubi Qafqaz üçün daha genişdir: iqtisadi üstünlüklər siyasi seçimlərin mükafatlandırılması formasını alırsa, regiondakı dövlətlər üçün iqtisadi rəqabətin şərtləri artıq yalnız bazar göstəriciləri ilə müəyyənləşmir.

Azərbaycanın mövqeyi niyə əsaslıdır?

Azərbaycanın etirazının və ya narahatlığının məntiqi Ermənistanın Aİ bazarına çıxış əldə etməsində deyil. Əsas məsələ bərabər yanaşmadır.

Azərbaycan Avropa ilə münasibətlərində konkret iqtisadi dəyər yaradan tərəfdaş kimi çıxış edir. Enerji resurslarının Avropaya nəqli, nəqliyyat və logistika dəhlizlərinin inkişafı, regional bağlantı layihələri və qarşılıqlı investisiyalar bu əməkdaşlığın praktiki əsaslarını təşkil edir. Belə bir şəraitdə Avropa İttifaqının regiondakı ölkələrə münasibətdə iqtisadi imkanları siyasi meyarlara əsasən fərqləndirməsi təbii olaraq sual doğurur.

Azad ticarət və bərabər rəqabət prinsipləri məhz belə hallarda sınağa çəkilir. Ümumdünya Ticarət Təşkilatının elan etdiyi azad rəqabət məntiqi baxımından da bazara çıxış imkanlarının şəffaf, proqnozlaşdırılan və ayrı-seçkilikdən uzaq prinsiplərlə qurulması vacibdir. Əgər bir bazarın açılması siyasi loyallıq və geosiyasi istiqamətlə əlaqələndirilirsə, iqtisadi münasibətlərdə proteksionist yanaşma barədə müzakirə qaçılmaz olur.

Bu baxımdan Aİ-nin Ermənistan üçün tətbiq etmək istədiyi 80 faizlik güzəşt regiondakı iqtisadi münasibətlərin sadəcə texniki məsələsi deyil. Bu qərar Brüsselin Cənubi Qafqazda hansı tərəfdaşlıq modelini təşviq etdiyini də nümayiş etdirir.

Məsələ Ermənistan deyil, qaydaların eyniliyidir

Ermənistanın iqtisadi çətinliklərini aradan qaldırmaq və yeni ixrac bazarları əldə etməsinə kömək etmək Avropa İttifaqının siyasi məqsədi ola bilər. Lakin eyni zamanda Aİ-nin digər tərəfdaşlarının da bərabər iqtisadi imkanlara malik olması təmin edilməlidir.

İki il müddətinə Ermənistan ixracının təxminən 80 faizini əhatə edən rüsum güzəşti, xüsusilə kənd təsərrüfatı məhsulları və içkilər daxil olmaqla geniş məhsul qrupuna şamil edilməsi ilə Cənubi Qafqazdakı rəqabət mühitinə təsirsiz ötüşməyəcək. Ermənistanın Rusiyaya təzə meyvə, tərəvəz və bitki ixracının təxminən 99 faizini, içki və spirtli məhsullar ixracının 91 faizindən çoxunu əhatə edən məhsulların bu mexanizmə daxil olması qərarın praktiki miqyasını daha aydın göstərir.

Azərbaycanın mövqeyi də məhz bu reallıqdan çıxış edir: regionda iqtisadi əməkdaşlıq siyasi mükafatlandırma mexanizminə çevrilməməli, eyni bazarda iştirak edən ölkələr üçün rəqabət qaydaları mümkün qədər vahid olmalıdır.

Əks halda “azad ticarət” anlayışı formal olaraq qorunsa da, onun mahiyyəti siyasi seçimlərə uyğun olaraq dəyişə bilər. Bu isə yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi maraqlarına toxunan məsələdir.

Brüsselin Ermənistan üçün yaratdığı güzəştin əsas mübahisə doğuran tərəfi də elə budur: söhbət bir ölkəyə yardım edilməsindən yox, yardımın hansı prinsiplərlə verilməsindən gedir. Əgər iqtisadi münasibətlərdə tərəfdaşlığın əsas meyarı bazar prinsipləri deyil, geosiyasi seçimdirsə, onda Azərbaycan kimi müstəqil iqtisadi və xarici siyasət yürüdən ölkələrin bərabər rəqabət tələbi tamamilə haqlı və əsaslı olaraq gündəmə gəlir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti