Bakı.Trend:
Aİ-Azərbaycan münasibətlərindən danışarkən bir çox ekspertlər enerjidən bəhs edir, lakin mən inanıram ki, enerji vacib olaraq qalsa da, biz artıq enerjidən də kənara çıxmışıq. İndi biz getdikcə daha çox nəqliyyat və digər vacib məsələlərdən danışırıq.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Dr. Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və LINKS Europe Fondunun birgə təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O qeyd edib ki, Cənubi Qafqazın geopolitik mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib.
“İlk növbədə, bu, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır — o artıq geridə qaldı. Biz sülhdən danışırıq.
Bilirəm ki, Avropa İttifaqı da Mərkəzi Asiya və Azərbaycandakı tərəfdaşları ilə daha fəal əməkdaşlıq etməyə hazırlaşır. Aİ-Azərbaycan münasibətlərindən danışarkən bir çox ekspertlər enerjidən bəhs edir, lakin mən inanıram ki, enerji vacib olaraq qalsa da, biz artıq enerjidən də kənara çıxmışıq. İndi daha çox nəqliyyat və digər vacib məsələlərdən danışırıq. ”,- deyə o bildirib.
F.Şəfiyev əlavə edib ki, ekspertlər və beyin mərkəzləri arasında dialoqun gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi hesab edir ki, belə platformalar Azərbaycan-Avropa münasibətlərində baş verən proseslərin siyasi, iqtisadi, enerji və təhlükəsizlik aspektlərinin hərtərəfli təhlilinə, mövcud və potensial imkanların, eləcə də çağırışların qabaqcadan müəyyənləşdirilməsinə imkan yaradır”,- deyə o əlavə edib.
Qeyd edək ki, dəyirmi masanın əsas məqsədi Avropa-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, tarixi təcrübədən irəli gələn nəticə və dərsləri nəzərdən keçirmək, həmçinin gələcəkdə daha sıx və səmərəli əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları dəyərləndirməkdir.
