Azərbaycan kapital bazarının qlobal maliyyə sisteminə inteqrasiyası genişlənir (FOTO)

İqtisadiyyat Materials 4 Sentyabr 2026 11:22 (UTC +04:00)
Azərbaycan kapital bazarının qlobal maliyyə sisteminə inteqrasiyası genişlənir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Depozit Mərkəzinin (MDM) "Clearstream" və "Euroclear"da hesablarının açılması istiqamətində həyata keçirilən proseslər müzakirə edilib.

Bu barədə MDM məlumat yayıb.

Belə ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli İsveç Krallığının Stokholm şəhərində keçirilən “PostTrade 360° 2026” tədbiri çərçivəsində dünyanın aparıcı beynəlxalq depozitar institutları olan "Clearstream" və "Euroclear"n rəhbər heyətinin nümayəndələri ilə görüşlər keçirib.

"Tərəflər Milli Depozit Mərkəzinin "Clearstream" və "Euroclear"da hesablarının açılması istiqamətində həyata keçirilən proseslərin hazırkı vəziyyətini və növbəti mərhələləri müzakirə ediblər. Görüşlər zamanı, həmçinin MDM-in hər iki beynəlxalq depozitar sisteminə üzvlüyü ilə bağlı texniki məsələlər ətraflı nəzərdən keçirilib, mövcud tələblər, əməliyyat və texnoloji inteqrasiya məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələr çərçivəsində beynəlxalq depozitar infrastrukturu ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan kapital bazarının qlobal maliyyə bazarlarına inteqrasiyasının gücləndirilməsinin və yerli bazar iştirakçılarının beynəlxalq maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hesabların açılması və üzvlük prosesinin müvafiq mərhələləri üzrə əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

MDM-in İdarə Heyətinin sədri Elçin Əlizadə daha əvvəl Trend-ə müsahibəsində bildirib ki, beynəlxalq depozitarlarla əməkdaşlığın genişləndirilməsi Mərkəzin əsas prioritetlərindən biridir.

“Qazaxıstanın mərkəzi depozitarı və Türkiyənin Mərkəzi Kağıt Kurulu ilə qarşılıqlı hesabların açılması artıq təmin edilib ki, bu da regional inteqrasiyanı gücləndirir. Eyni zamanda, “Clearstream” kimi qlobal depozitar platformalarda hesabların açılması istiqamətində işlər davam etdirilir”, - deyə E.Əlizadə bildirib.

Onun sözlərinə görə, MDM daha bir ölkənin depozitarı ilə əlaqələrin genişləndirilməsi və qarşılıqlı hesabların açılması istiqamətində də danışıqlar aparır.

“Əsas məqsəd beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi, eləcə də çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə standartların tətbiqidir. Bu uyğunluq beynəlxalq qurumlarla inteqrasiyanın əsas şərtlərindən biridir”, - deyə MDM sədri qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti