Bakı. Trend:
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində yerləşən 535 mənzilin “Güzəştli mənzil” sistemi vasitəsilə satışı həyata keçirilib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, satış prosesinə bu gün saat 11:00-da başlanılıb.
Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 04.09.2026-cı il tarixində saat 11:00-da başlanıllb və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq həyata keçirilib.
Satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən uğurla seçilib.
Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilib.
Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri, mənzil seçimi mərhələlərində edilən dəyişikliklər və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi də bu gün saat 12:00-da başlayıb və 16:00-dək davam edəcək.
xxx
11:00
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin növbəti satışı başlayıb.
Trend-in tədbirdə olan mücbirinin xəbərinin xəbərinə görə, ümumilikdə 535 mənzilin satışı bu gün – 4 sentyabr 2026-cı il tarixində saat 11:00-da başlayıb və saat 16:00-dək davam edəcək.
Satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə isə 6 mənzil çıxarılıb.
Belə ki, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzil, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzil, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə isə 6 mənzil satışa təqdim olunub.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi saat 12:00-da başlayacaq və saat 16:00-dək davam edəcək.
Satış və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
Satışa çıxarılan mənzillərin hamısı tam təmirli vəziyyətdə təqdim olunur. Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi, o cümlədən kombi cihazı, həmçinin su, qaz və elektrik sayğacları ilə təmin edilib.
Məlumata görə, yaşayış komplekslərindəki binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub.
Lənkəran Yaşayış Kompleksi üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 25 noyabr 2021-ci il tarixli, 32210 nömrəli müsbət rəyi, Şirvan Yaşayış Kompleksi üzrə 3 iyul 2023-cü il tarixli, 35409 nömrəli müsbət rəyi, Yevlax Yaşayış Kompleksi üzrə isə 9 dekabr 2023-cü il tarixli, 36452 nömrəli müsbət rəyi mövcuddur.
Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilib.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası, o cümlədən mətn və video formatlı təlimatlarla MİDA-nın www.mida.gov.az internet saytının ana səhifəsində yerləşdirilən “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satış elanı ilə MİDA-nın rəsmi saytında tanış olmaq mümkündür.
