Bakı.Trend:
Azərbaycan və Ermənistan arasında normallaşma prosesi Cənubi Qafqaz, xüsusilə vurğulamaq istəyirəm ki, Avropa üçün yeni bir dövrdür.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə LİNKS Europe Fondunun direktoru Dr. Dennis Sammut Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və LINKS Europe Fondunun birgə təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O qeyd edib ki, Avropanın aparıcı təşkilatı Avropa İttifaqıdır (Aİ). Bu, 27 üzv dövlətin azad birliyidir.
“Azərbaycanla münasibətlərdə Aİ bir çox səhvlər edib. Burada nümayəndəliyin gec açılması buna bir nümunədir. Avropa Parlamentindən və bəzi üzv dövlətlərin müəyyən dairələrindən gələn bəzi yanaşmalar hətta mənə də hər zaman anlaşılan olmayıb.
Aİ-Azərbaycan münasibətləri düzgün dialoqun olmamasından əziyyət çəkib, nəticədə bir çox yanlış təsəvvürlər və səhv ideyalar yaranıb”,- deyə o bildirib.
D.Sammut əlavə edib ki, ilk dəfə-30 il öncə Azərbaycanda olarkən vəziyyət çox fərqli idi.
“Həmin dövrdə Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal altında idi. Ölkənin gündəmi Qarabağ idi. Lakin artıq bu 30 illik problem həll olunub, Qarabağ Azərbaycana qayıdıb”,- deyə o qeyd edib.
Qeyd edək ki, dəyirmi masanın əsas məqsədi Avropa-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, tarixi təcrübədən irəli gələn nəticə və dərsləri nəzərdən keçirmək, həmçinin gələcəkdə daha sıx və səmərəli əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları dəyərləndirməkdir.
