PISA 2025-in nəticələri sentyabrın 8-də açıqlanacaq

Cəmiyyət Materials 4 Sentyabr 2026 11:12 (UTC +04:00)
PISA 2025-in nəticələri sentyabrın 8-də açıqlanacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

PISA 2025 tədqiqatının nəticələri 8 sentyabr 2026-cı il tarixində saat 11:30-da açıqlanacaq.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev məlumat verib.

O bildirib ki, Azərbaycan növbəti – 2029-cu ildə keçiriləcək PISA beynəlxalq qiymətləndirmə tədqiqatında da iştirak edəcək.

E.Əliyevin sözlərinə görə, Azərbaycanın PISA-2029-da iştirakı ilə bağlı artıq müvafiq müqavilə bağlanıb və rəsmi müraciət edilib.

O qeyd edib ki, 2025-ci ildə keçirilən PISA tədqiqatında 91 ölkə iştirak edib. 2029-cu ildə isə iştirakçıların sayının təxminən 100-ə çatacağı gözlənilir.

Elnur Əliyevin sözlərinə görə, PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycandan 7 432 şagird iştirak edib.

E.Əliyevin sözlərinə görə, Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib. Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.

Tədqiqatda Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mil-Muğan, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şirvan-Salyan, Şəki-Zaqatala və Şərqi Zəngəzur üzrə məktəblər iştirak edib.

Ümumilikdə tədqiqata 241 məktəb, o cümlədən 154 şəhər və 87 kənd məktəbi cəlb olunub. İştirakçı şagirdlərin 52 faizini oğlanlar, 48 faizini qızlar təşkil edib.

Qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları gündəlik həyatda, eləcə də gələcək təhsil və əmək fəaliyyətində tətbiq etmək qabiliyyətini qiymətləndirən beynəlxalq tədqiqatdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti