Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,78 ABŞ dolları və ya 0,74% ucuzlaşaraq 104,20 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,14 dollar və ya 1,11% ucuzlaşaraq 101,05 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,55 dollar və ya 0,7% azalaraq 78,26 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,85 dollar və ya 0,83% azalaraq 100,84 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 91,2 dollar ətrafında olub və həftə ərzində 9%-dən çox artaraq iyulun ortalarından bəri ən güclü həftəlik göstəricisini nümayiş etdirib. Bildirilib ki, buna Yaxın Şərqdə müharibənin davam etməsi və sülh perspektivlərinin zəif olması səbəb olub.
“Bu həftə İran və ABŞ arasında raket zərbələri mübadiləsi baş verib. İsrailin müdafiə naziri isə İranın enerji obyektləri də daxil olmaqla infrastrukturuna “iflic edici” zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıq edib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ İran Hörmüz boğazında gəmilərə hücumları dayandırmayana qədər Tehranla sülh danışıqları aparmağı planlaşdırmır. İranın ABŞ-nin son zərbələrinə sərt cavab vermək əzmində olduğunu nümayiş etdirməsi də neft qiymətlərinin artmasına əlavə təzyiq göstərib.
Avropa İttifaqı ABŞ-nin rəhbərlik etdiyi İrana qarşı sanksiya kampaniyasına rəsmi şəkildə qoşulub. Cənubi Koreya isə hərbi rolda iştirak imkanını nəzərdən keçirdiyini açıqlayıb.
Hörmüz boğazından neft tədarükünün artması halında qiymətlərdəki yüksəliş zəifləyə bilər. İraqın neft ixracına dair məlumatlara görə, avqust ayında ölkənin orta gündəlik ixracı 2,35 milyon barel təşkil edib və ixracın böyük hissəsi cənub marşrutları vasitəsilə həyata keçirilib”, - məlumatda qeyd edilib.
