Bakı. Trend:
Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrının aparılması ilə bağlı yeni qaydalar müəyyənləşib. Yeni mexanizm daşınmaz əmlak obyektlərinin kadastr uçotuna alınması, texniki inventarlaşdırılması və məlumatların dövlət kadastrına daxil edilməsi prosesini vahid ardıcıllıqla tənzimləyir.
Bəs yeni qaydaların tətbiqi daşınmaz əmlak sahibləri üçün praktik olaraq nəyi dəyişəcək və kadastr uçotu prosesini nə dərəcədə sadələşdirəcək?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Trend-ə açıqlamasında bildirib ki, prosesin elektronlaşdırılması Azərbaycanda daşınmaz əmlakın uçotu və reyestrinin tam formalaşdırılması istiqamətində mühüm addımdır.
Onun sözlərinə görə, ölkədə daşınmaz əmlak reyestrinin tam formalaşdırılması məsələsi uzun müddətdir aktual olaraq qalır:
“Azərbaycanda hələ də reyestrdə əksini tapmayan daşınmaz əmlak obyektləri mövcuddur. Qeydiyyatsız torpaq sahələrinin, fərdi yaşayış evlərinin və digər daşınmaz əmlak növlərinin kadastra daxil edilməsi dövlətin əmlak siyasəti baxımından ciddi yenilikdir. Bu, gələcəkdə ölkə üzrə daşınmaz əmlak reyestrinin tam formalaşdırılması istiqamətində atılmış mühüm addımdır.
Burada kadastr və reyestr anlayışlarını fərqləndirmək vacibdir. Kadastr daşınmaz əmlakın faktiki mövcudluğunu, yerləşməsini, sərhədlərini və ölçülərini müəyyən edir. Reyestr isə həmin əmlak üzərində hüquqları rəsmiləşdirir. Uzun illərdir Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq təklif edirik ki, ölkədə bütün daşınmaz əmlak obyektlərini əhatə edən vahid və tam reyestr formalaşdırılmalıdır. Bunun üçün ilk növbədə qeydiyyatsız əmlakların uçota alınması, o cümlədən Bakı şəhəri və bütövlükdə ölkə üzrə əmlak xəritəsinin formalaşdırılması vacibdir”.
V.Oruc qeyd edib ki, prosesin Daşınmaz Əmlakın Reyestri və Kadastrı üzrə İnformasiya Sistemi (DERKİS) vasitəsilə həyata keçirilməsi bu istiqamətdə işləri əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
“Bu sistem vasitəsilə əmlakların yerləşməsi, ölçüləri və sərhədləri barədə məlumatların dəqiq müəyyənləşdirilməsi mümkün olacaq. Əmlak sərhədlərinin dəqiq müəyyən edilməməsi hazırda mövcud problemlərdən biridir. Yeni mexanizm bu sahədə olan bir sıra mübahisələrin və uyğunsuzluqların aradan qaldırılmasına şərait yaradacaq.
Kadastr tam formalaşdıqdan sonra ölkənin hansı ərazisində, hansı ölçüdə və hansı növdə daşınmaz əmlak obyektlərinin mövcud olduğu sistemli şəkildə müəyyən ediləcək və bunun vahid xəritəsi yaranacaq. İlkin mərhələdə əmlakın kadastr göstəriciləri – onun yerləşməsi, ölçüləri və digər texniki məlumatları sistemə daxil edilir. Sonrakı mərhələdə isə müvafiq hüquqi əsas yarandıqda həmin əmlak və onun üzərində hüquqlar reyestrdə əksini tapa bilər.
Bu baxımdan əmlakların ilkin olaraq kadastr uçotuna alınması gələcəkdə daşınmaz əmlak reyestrinin tam formalaşdırılması üçün mühüm baza yaradacaq. Eyni zamanda bu proses hazırda qeydiyyatsız olan və ya hüquqi statusu tam müəyyənləşdirilməyən əmlakların gələcəkdə sənədləşdirilməsinin asanlaşdırılmasına imkan verə bilər. Hüquqi vəziyyətindən asılı olmayaraq daşınmaz əmlak obyektlərinin kadastrda faktiki vəziyyətinə uyğun əks etdirilməsi, gələcəkdə qanunvericilik və müvafiq normativ sənədlərdə nəzərdə tutulan əsaslar yarandığı halda onların reyestrə daxil edilməsinə imkan yarada bilər”.
Ekspert vurğulayıb ki, daşınmaz əmlakın hüquqi dövriyyəyə tam şəkildə daxil olması alqı-satqı, vərəsəlik, ipoteka, sığorta və qiymətləndirmə baxımından da mühüm əhəmiyyət daşıyır.
“Burada vətəndaşların bilməli olduğu mühüm məqam var: əmlakın kadastr uçotuna alınması ona çıxarış verilməsi və ya həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması demək deyil. Kadastr uçotu ilk növbədə əmlakın faktiki mövcudluğunun, yerləşməsinin, sərhədlərinin və ölçülərinin dövlət informasiya bazasında qeydiyyata alınmasıdır. Məqsəd dövlətin öz ərazisində mövcud olan daşınmaz əmlak obyektləri haqqında sistemli və dəqiq məlumat bazasına malik olmasıdır”.
V.Orucun sözlərinə görə, yeni qaydalar sənədlərlə faktiki vəziyyət arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması baxımından da əhəmiyyətlidir:
“Bu dəyişikliklər əmlakın uçotunun daha sistemli aparılmasına, sənədlərdəki uyğunsuzluqların müəyyənləşdirilməsinə və kadastr məlumatlarının dəqiqliyinin artırılmasına imkan verəcək. Təcrübədə ziddiyyətli məlumatlara, eləcə də qonşu torpaq sahələrinin sərhədləri ilə bağlı mübahisələrə rast gəlinir. Dəqiq kadastr məlumatlarının formalaşdırılması belə problemlərin həllinə kömək edə bilər. Ən əsası isə daşınmaz əmlakın faktiki vəziyyəti dövlətin məlumat bazasında dəqiq əksini tapacaq”.
Ekspert bildirib ki, çöl ölçmə işlərinin nəticələri ilə təqdim edilən sənədlər və dövlət kadastrındakı məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda məlumatların sistemə daxil edilməsi avtomatik şəkildə həyata keçirilməyəcək.
“Belə halda uyğunsuzluğun xarakteri müəyyənləşdirilməli, dəqiqləşdirmə işləri aparılmalı, faktiki vəziyyətlə sənədlərdə göstərilən məlumatlar arasındakı fərq araşdırılmalıdır. Uyğunsuzluğun aşkarlanması həmin əmlakın avtomatik olaraq qanunsuz və ya sənədsiz hesab edilməsi demək deyil. Məqsəd həmin fərqlərin səbəbini müəyyənləşdirmək, onları aradan qaldırmaq və kadastr göstəricilərinin əmlakın real vəziyyətini əks etdirməsini təmin etməkdir.
Proses, əslində, bir neçə mərhələdən ibarətdir: əvvəlcə ölçmə işləri həyata keçirilir, sonra nəticələr mövcud sənədlər və kadastr məlumatları ilə müqayisə olunur. Uyğunsuzluq müəyyən edilərsə, onun aradan qaldırılması istiqamətində dəqiqləşdirmə aparılır və yalnız bundan sonra düzgün məlumatlar sistemdə əksini tapır. Bu da nəticə etibarilə kadastr məlumatlarının etibarlılığını artıracaq”.
V.Oruc hesab edir ki, yeni qaydalar faktiki ölçülərlə sənədlərdə göstərilən ölçülər arasında fərqlərin olduğu hallarda da problemlərin həllini asanlaşdıra bilər.
“Köhnə sənədlərdə texniki səhvlər və ya faktiki vəziyyətlə sənədlərdəki göstəricilər arasında fərqlər müəyyən edilərsə, onların dəqiqləşdirilməsi üçün mexanizm yaranır. Faktiki vəziyyətlə dövlət kadastrındakı məlumatların müqayisə edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Məlumatların DERKİS vasitəsilə elektron qaydada vahid sistemdə toplanması həm də mövcud sənədlərdəki uyğunsuzluqların aşkarlanmasına və aradan qaldırılmasına imkan yaradacaq. Dəqiq kadastr məlumatları gələcəkdə alqı-satqı, ipoteka və digər hüquqi əməliyyatlarda risklərin azalmasına da xidmət edə bilər.
Əgər daşınmaz əmlakın faktiki vəziyyəti dövlətin məlumat bazasında dəqiq əksini tapırsa, bu, ölkədə sistemli əmlak uçotunun və tam reyestr sisteminin formalaşması üçün əsas yaradır. Kadastr daşınmaz əmlak reyestrinin formalaşdırılmasının mühüm elementidir. Yeni qaydaların tətbiqi də Azərbaycanda əmlak münasibətlərinin inkişafı baxımından yeni mərhələyə keçid kimi qiymətləndirilə bilər”, – deyə V.Oruc bildirib.

