Səhiyyədə yeni maaş modeli: dəyişiklik nələri vəd edir?

Cəmiyyət Materials 2 Sentyabr 2026 21:26 (UTC +04:00)
Səhiyyədə yeni maaş modeli: dəyişiklik nələri vəd edir?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə sosial rifahın yüksəldilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması və humanitar sahələrin inkişafına göstərdiyi diqqət və qayğı müxtəlif istiqamətlərdə həyata keçirilən layihələrdə özünü göstərir. TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması da bu siyasətin səhiyyə sahəsindəki növbəti mühim addımlarından biridir.

Dəyişiklik TƏBİB tabeliyində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək. Bunun üçün əməkhaqqı fondunun illik 189 milyon manat artırılması nəzərdə tutulur. Rəqəm özü kifayət qədər böyükdür. Lakin məsələyə yalnız büdcədən ayrılacaq vəsait və ayrı-ayrı vəzifələr üzrə maaş artımı kimi yanaşmaq doğru olmaz. Burada əsas məqam səhiyyə sistemində kadr siyasətinə yanaşmanın dəyişməsidir.

Yeni əməkhaqqı mexanizmində artım bütün tibb işçiləri üçün eyni formada müəyyənləşdirilmir. İxtisas, iş yükü, fəaliyyət göstəriciləri və region kimi meyarların nəzərə alınması vəsaitin səhiyyə sisteminin daha çox ehtiyac duyduğu istiqamətlərə yönəldilməsinə imkan verir.

Bu yanaşmanın ən diqqətçəkən tərəflərindən biri ilkin səhiyyə ilə bağlıdır. Ailə və sahə həkimlərinin əməkhaqqının 1 150 manatdan 2 000 manata qaldırılması təsadüfi qərar deyil. Çünki səhiyyənin yükünün böyük hissəsi məhz ilkin mərhələdə düzgün təşkil olunmuş xidmət hesabına azaldıla bilər.Pasiyentin ilk müraciət etdiyi həkim onun problemini vaxtında müəyyənləşdirə, zəruri müayinələrə yönləndirə və ehtiyac yarandıqda ixtisaslaşmış xidmətə yönəldə bilsə, həm xəstənin vaxtına qənaət olunur, həm də xəstəxanaların üzərinə düşən yük və yaranan sıxlıqlar azalır. Bu səbəbdən ailə həkimlərinin əməkhaqqının artırılmasını yalnız maaş dəyişikliyi kimi deyil, ilkin səhiyyənin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirmək olar.

Digər bir istiqamət isə səhiyyədə mövcud olan əsas problemlərindən biri olan regionlarda həkim çatışmazlığı məsələsidir. Şəhərlə region arasında kadr təminatındakı fərqin aradan qaldırılması isə yalnız yeni xəstəxanaların və tibb müəssisələrinin yaradılması ilə mümkün deyil. Həmin müəssisələrdə işləyəcək mütəxəssislər də olmalıdır. Bu baxımdan regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqının 1 450 manatdan 3 000 manata çatdırılması xüsusi önəm kəsb edir. Neonatoloq və hemodializ həkimləri üçün daha yüksək ödənişlərin müəyyənləşdirilməsi də eyni məqsədə xidmət edir. Əlavə maliyyə motivasiyası regionlarda çalışan mütəxəssislərin burada qalmasına, eyni zamanda yeni kadrların bölgələrə marağının artmasına şərait yarada bilər.

Maaş artımının əhatə dairəsi də qərarın miqyasının yalnız həkimlərlə məhdudlaşmadığını göstərir. TƏBİB tabeliyində çalışan 56 mindən çox orta və kiçik tibb işçisinin, eləcə də baş tibb bacılarının maliyyə vəziyyətinin yaxşılaşdırılması səhiyyə xidmətinin bütöv bir komanda işi olduğunu göstərir. Çünki pasiyentin xəstəxanada aldığı xidmət bir həkimin fəaliyyəti ilə yekunlaşmır. Tibb bacısı, laborant, feldşer və digər tibb işçilərinin hər biri müalicə prosesinin ayrı-ayrı mərhələsində mühüm rol oynayır. Yeni əməkhaqqı yanaşması məhz bu baxımdan diqqət çəkir.

Səhiyyə sistemində çalışan insanlara verilən dəyərin artırılması, ehtiyac olan sahələrə maliyyə motivasiyasının yönəldilməsi və regionlarda tibbi xidmət imkanlarının genişləndirilməsi bir-birini tamamlayan proseslərdir. Bu baxımdan atılan addım səhiyyənin insan resurslarının gücləndirilməsi və daha dayanıqlı sistemin formalaşdırılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti