Heç bir ölkə mina probleminin öhdəsindən təkbaşına gələ bilməz - Vüqar Süleymanov

Cəmiyyət Xəbər 2 Sentyabr 2026 10:29 (UTC +04:00)
Heç bir ölkə mina probleminin öhdəsindən təkbaşına gələ bilməz - Vüqar Süleymanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Heç bir ölkə mina probleminin öhdəsindən təkbaşına gələ bilməz. Çirklənmiş ərazilərdən bərpaya, riskdən dayanıqlılığa keçmək istəyiriksə, beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi, innovasiya və güclü milli məsuliyyətin hər biri zəruridir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans zamanı deyib.

O bildirib ki, Azərbaycan mina probleminin həllində güclü milli iradə və məsuliyyət nümayiş etdirib.

“2020-ci ilin noyabr ayından etibarən ölkədə humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları vəsait ayrılıb. Yalnız bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin edilib, qalan hissəsi isə Azərbaycan Hökuməti tərəfindən qarşılanıb.

Bu, dövlətimizin təhlükəsiz qayıdış, yenidənqurma və bərpanın təmin edilməsinə verdiyi aydın önəmi nümayiş etdirir”,- deyə sədr əlavə edib.

V.Süleymanov vurğulayıb ki, ərazilərin mina və partlayıcı sursatlarla çirklənməsinin miqyası hələ də olduqca böyükdür.

“Bu səbəbdən təmizləmə prosesini intensivləşdirmək, mülki əhali üçün riskləri azaltmaq və işğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası və inkişaf layihələrinin vaxtında həyata keçirilməsini təmin etmək üçün daha güclü beynəlxalq dəstəyə ehtiyac var. Bu baxımdan hesab edirik ki, minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığa yalnız təmizləmə əməliyyatlarına dəstək kimi yanaşmaq olmaz. Bu əməkdaşlıq insan təhlükəsizliyinə, təhlükəsiz qayıdışa, dayanıqlı inkişafa və uzunmüddətli sülhə qoyulan sərmayə kimi qəbul edilməlidir”,- deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.

Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti