Bakı.Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO üzvü olan ölkəsinin Çin və Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik bloku — Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Prezidentin sözlərinə görə, Bişkekdə keçirilmiş ŞƏT sammiti Türkiyənin iqtisadi, siyasi və strateji seçimlərini şaxələndirmək iradəsinin konkret göstəricisi olub.
“Türkiyə olaraq Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ikitərəfli ticarət və iqtisadi əlaqələrimiz var. Çindən Mərkəzi Asiyaya, Rusiyadan Cənubi Asiyaya qədər uzanan geniş coğrafiyada Türkiyənin ticarət və iqtisadi baxımdan böyük imkanlara malik olduğunu artıq hər kəs görür”, - deyə o bildirib.
Ərdoğan bildirib ki, təşkilatla münasibətlərdə çoxşaxəli xarici siyasət anlayışının təzahürü kimi son illərdə mühüm irəliləyişlər əldə olunub.
“Türkiyə həm Qərb, həm də Şərqlə balanslaşdırılmış münasibətlər inkişaf etdirə bilən, əlaqələrini də bu ölçüdə dərinləşdirə bilən bir ölkədir. Türkiyənin bu yanaşması qlobal problemlərə əməkdaşlıq və səmərəli çoxtərəflilik əsasında həll yolları tapmaq məqsədini də gücləndirir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin qarşıdakı dövrdə daha yüksək səviyyəyə çatdırılması da bizim üçün mümkündür. Bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm. Türkiyənin təşkilata üzvlük perspektivi heç bir halda hansısa blokdan ayrılmaq və ya Qərbə arxa çevirmək anlamına gəlmir. Məqsədimiz 360 dərəcəlik baxışla öz nüfuzumuzu artırmaqdır”, - deyə Ərdoğan vurğulayıb.
