Bərdə: Trend:
Səhiyyə işçilərinin əməkhaqlarının artırılması dövlətin tibb işçilərinin əməyinə və sosial rifahına verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının böyük tibb bacısı Əfsanə Mirzəyeva deyib.
O bu qərarı böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladığını bildirib.
“Prezident İlham Əliyevə səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk. Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına, xüsusilə tibb işçilərinə göstərdiyi diqqət və dəstəyi də yüksək qiymətləndiririk”, – deyə o qeyd edib.
Ə.Mirzəyeva bildirib ki, tibb bacıları və digər orta tibb işçiləri hər gün xəstələrin yanında olur, onların müalicə və qayğı prosesində mühüm rol oynayırlar.
“Əməkhaqlarının artırılması bizim üçün həm mühüm sosial dəstək, həm də əməyimizə verilən yüksək qiymətin ifadəsidir. İnanıram ki, bu qərar bütün səhiyyə işçilərində böyük ruh yüksəkliyi yaradacaq, fəaliyyətimizi daha böyük məsuliyyət və həvəslə davam etdirməyimizə əlavə stimul verəcək”, – deyə o vurğulayıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından dövlət rəhbərliyinə təşəkkür edən Əfsanə Mirzəyeva bildirib ki, tibb işçiləri bundan sonra da vətəndaşlara keyfiyyətli, qayğıkeş və peşəkar tibbi xidmət göstərmək üçün səylərini əsirgəməyəcəklər.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək.
Onlardan 15 804 nəfər və ya 21,9 faizi həkim, 36 041 nəfər və ya 49,9 faizi orta tibb heyəti, 20 367 nəfər və ya 28,2 faizi isə kiçik tibb heyətidir.
Yeni qərara əsasən, tibb işçilərinin ümumi əməkhaqqı artımı 135 faizə qədər təşkil edəcək.
Əməkhaqqı artımlarının maliyyələşdirilməsi məqsədilə əməkhaqqı fonduna 189 milyon manat əlavə vəsait ayrılacaq.
