Minatəmizləmə yenidənqurma işlərinin ayrılmaz bir parçasıdır - Anar Quliyev

Cəmiyyət Materials 2 Sentyabr 2026 11:43 (UTC +04:00)
Minatəmizləmə yenidənqurma işlərinin ayrılmaz bir parçasıdır - Anar Quliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləmə yenidənqurma işlərinin ayrılmaz bir parçasıdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində keçirilən “Şəhər bərpasının bünövrəsi kimi minatəmizləmə fəaliyyəti “ adlı panel müzakirəsi zamanı deyib.

Anar Quliyev bildirib ki, Azərbaycan 2026-cı ili şəhərsalma və arxitektura ili kimi qeyd etdiyi bir vaxtda, minatəmizləmə fəaliyyətinə inkişafdan ayrı bir proses kimi deyil, gələcəyin təhlükəsiz, dözümlü və davamlı icmalarının planlaşdırılması və qurulmasının tərkib hissəsi kimi yeni bir anlayışla yanaşmaq üçün mühüm imkan var.

“2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan bəri 437 azərbaycanlı mülki şəxs minaya düşərək həlak olub və ya yaralanıb. Bununla belə, Azərbaycan bu çağırışın öhdəsindən gəlmək istiqamətində mühüm irəliləyişlər əldə edir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti məhz bu məqamda xüsusilə böyük əhəmiyyət kəsb edir. Bizim rolumuz yalnız fərdi şəhərlərin və yaşayış məskənlərinin planlaşdırılması ilə məhdudlaşmır.

Bu rol bütöv ərazilərin transformasiyasına və uzunmüddətli inkişafına yön verən xüsusi çərçivənin müəyyən edilməsini əhatə edir. Bu kontekstdə torpaqların təhlükəsizliyi və əlçatanlığı planlaşdırmanın əsas şərtlərindəndir”,- deyə o qeyd edib.

Sədr vurğulayıb ki, məkan planlaşdırılması yaşayış məskənlərinin harda inkişaf etməli olduğunu, onların bir-biri ilə necə əlaqələnməsini, infrastrukturun onları necə birləşdirməli olduğunu, ictimai obyektlərin və iqtisadi zonaların harada yerləşəcəyini müəyyən edir.

“Bu yanaşma BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində daha da möhkəmləndirilir. Torpaqların əlçatanlığı yaşayış məskənlərinin strukturuna təsir edir, inkişaf prioritetlərini müəyyənləşdirir və torpaqların istifadəyə verilməsi ardıcıllığını istiqamətləndirir”,- deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti