Minatəmizləmə sahəsində beynəlxalq yardımın həcminin artacağına ümid edirik - Vüqar Süleymanov

Cəmiyyət Materials 2 Sentyabr 2026 12:43 (UTC +04:00)
Minatəmizləmə sahəsində beynəlxalq yardımın həcminin artacağına ümid edirik - Vüqar Süleymanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda minatənizləmə fəaliyyətində sərf olunan vəsaitin cəmi 4%-ə yaxın hissəsi xarici yardımlar hesabına icra olunub. Ona görə mən çox ümid edirəm ki, beynəlxalq yardımın həcmi artacaq.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin Sədri Vüqar Süleymanov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, minatəmizləmə fəaliyyəti Böyük Qayıdış Proqramının tərkib hissəsidir və Azərbaycanda həyata keçirilən bərpa quruluculuq, yenidən qurma işləri birbaşa mina təmizləmə fəaliyyəti ilə əlaqəlidir.

Artıq keçmiş məcburi köçkünlərimiz öz yurdlarına qayıdıblar. Sözsüz ki, bu işlərin təməlində minatəmizləmə fəaliyyəti durur. Çünki hər bir layihə icra olunmamışdan qabaq həmin ərazi təhlükədən azad olunmalıdır.

Bugünə qədər 2020-ci ildən bu günə qədər 298 min hektardan çox ərazi minalardan təmizlənib və bu təmizləmə əməliyyatları nəticəsində 260 mindən çox mina və partlamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”,- deyə sədr bildirib.

O vurğulayıb ki, Azərbaycanda minatənizləmə fəaliyyətində sərf olunan vəsaitin cəmi 4%-ə yaxın hissəsi xarici yardımlar hesabına icra olunub.

“Bu, çox kiçik rəqəmdir. Çünki başqa ölkələrdə, başqa hallarda bu rəqəmlər qat-qat yuxarı olur. Bizim üçün bu, bir humanitar həmrəylik məsələsidir. Ona görə mən çox ümid edirəm ki, beynəlxalq yardımın həcmi artacaq”,- deyə o bildirib.

Sədr əlavə edib ki, yeni texnologiyalar yaradılır, amma bu texnologiyaların böyük əksəriyyəti minatəmizləmə fəaliyyətinin tədqiqat mərhələsinə aiddir.

“Yəni, sahələrin öyrənilməsi, qeyri-texniki kəşfiyyatın həyata keçirilməsi və s. Sırf təmizləmə fəaliyyətinə gəldikdə, təəssüflər olsun ki, dünyada hələ belə bir texnologiya yoxdur ki, insanı əvəz etsin və bu işi sürətləndirsin. Bütün dünyada əsas iş əllə görülür. Yardımçı alətlər kimi minatəmizləyən maşınlardan istifadə olunur”,- deyə o qeyd edib.

Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.

Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti