Bakı.Trend:
Mərmərə dənizində iki yük gəmisinin toqquşmasından sonra qəza yerində ekipaj üzvlərinin axtarışı davam etdirilir. Hələlik heç kimi sağ olaraq aşkarlaya bilməmişik.
NTV telekanalının məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazirin sözlərinə görə, toqquşmadan sonra Baş Axtarış-Xilasetmə Mərkəzi “Tuğberk İmamoğlu” gəmisi ilə radio rabitəyə çıxmağa çalışıb, lakin çağırışlara və mobil telefon zənglərinə cavab verilməyib.
“Batan gəmidə 10 dənizçimiz var. Hamısı Türkiyə vətəndaşıdır. Təəssüf ki, indiyədək heç kimi sağ olaraq aşkar edə bilməmişik”, – deyə Uraloğlu açıqlamasında bildirib.
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə Sahil Mühafizəsindən 8 kater və bir helikopter, Hərbi Dəniz Qüvvələri Komandanlığından bir gəmi, Sahil Təhlükəsizliyindən bir kater və çoxsaylı əməkdaş cəlb edilib.
xxx
10:00
Mərmərə dənizində Türkiyə bayrağı altında üzən iki quru yük gəmisi toqquşub.
Türkiyə KİV-nin məlumatına görə, bu barədə İstanbul valiliyi məlumat yayıb.
Məlumata görə, hadisə İstanbul sahillərində baş verib. “Alsu” və “Tugberk Imamoglu” gəmiləri bir-biri ilə toqquşub.
““Alsu” gəmisində gözlə görünən heç bir zədələnmə yoxdur. “Tugberk Imamoglu gəmisinin göyərtəsində 10 ekipaj üzvü olub və hazırda onlarla əlaqə yoxdur”, – məlumatda vurğulanıb.
Bildirilir ki, hadisə yerinə Türkiyə Sahil Mühafizəsinin bölmələri, eləcə də axtarış-xilasetmə dəstələri cəlb olunub. Mütəxəssislər helikopter və yedək gəmilərindən istifadə ediblər.
