Bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edilib (YENİLƏNİB)

Cəmiyyət Xəbər 1 Sentyabr 2026 17:46 (UTC +04:00)
Bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edilib (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası haqqında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb.

"Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.
Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb. Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək", - deyə əlavə edilib.

16:01

xxx

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti