Bişkek.Trend:
Orta gücə malik dövlətlər müxtəlif güc mərkəzləri arasında dialoqa yardım göstərə bilər və göstərməlidirlər.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə keçirilən “ŞƏT+” formatında yüksəksəviyyəli görüşdə çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, geosiyasi gərginlik şəraitində Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolunun qorunması və gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Kəskin geosiyasi gərginlik şəraitində Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolunun qorunması və gücləndirilməsi xüsusilə vacibdir. Qazaxıstan BMT-nin Baş katibi Antonio Quterreşin beynəlxalq hüququn müdafiəsinə verdiyi töhfəni yüksək qiymətləndirir. Onun təşəbbüsü ilə başlanan islahat Birləşmiş Millətlər Təşkilatını daha səmərəli, nəticəyönümlü etməli, eyni zamanda onun universal xarakterini qoruyub saxlamalıdır. İndi transformasiyanın uğuru üzv dövlətlərin siyasi iradəsindən və məsuliyyətindən asılıdır. Bu işdə orta gücə malik dövlətlərin rolu və məsuliyyəti də artır”, - deyə Tokayev bildirib.
Prezident qeyd edib ki, orta gücə malik dövlətlər müxtəlif güc mərkəzləri arasında dialoqa və kollektiv qərarların hazırlanmasına yardım göstərə bilər və göstərməlidirlər.
“Onların mövqeləri və təşəbbüsləri qlobal idarəetmə mexanizmlərində lazımi şəkildə əksini tapmalıdır. Qazaxıstan bu prosesə fəal şəkildə töhfə verməyə hazırdır”, - deyə Tokayev bildirib.
Dövlət başçısının sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının institusional yenilənməsi preventiv diplomatiyanın gücləndirilməsi olmadan mümkün deyil.
“Münaqişələrin qarşısının alınması və mübahisələrin dinc yolla həlli mədəniyyətinin formalaşdırılması üçün kollektiv səylər tələb olunur. Bu istiqamətdə hərəkət edərək, Qazaxıstan cari ilin iyul ayında Çin Xalq Respublikasının təşəbbüsünü dəstəkləyib və Beynəlxalq Mediasiya Təşkilatının yaradılması haqqında Konvensiyanın təsisçi üzvü olub”, - deyə Prezident qeyd edib.
