Bakı. Trend:
Azərbaycanda səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək.
Onlardan 15 804 nəfər və ya 21,9 faizi həkim, 36 041 nəfər və ya 49,9 faizi orta tibb heyəti, 20 367 nəfər və ya 28,2 faizi isə kiçik tibb heyətidir.
Yeni qərara əsasən, tibb işçilərinin ümumi əməkhaqqı artımı 135 faizə qədər təşkil edəcək.
Əməkhaqqı artımlarının maliyyələşdirilməsi məqsədilə əməkhaqqı fonduna 189 milyon manat əlavə vəsait ayrılacaq.
