Səhiyyə Nazirliyinin eksperti isti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq edib

Cəmiyyət Materials 2 Sentyabr 2026 15:58 (UTC +04:00)
Səhiyyə Nazirliyinin eksperti isti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan təzyiqini qəfil qaldırır və infarkt riskini artırır:

“Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma tutmalarına yol açır. Beləliklə də tənəffüs sisteminin xroniki xəstəlikləri kəskinləşir. Yaşlılar və körpələrdə bədənin temperatur tənzimləmə (termorequlyasiya) sistemi zəif işləyir. Buna görə də hava temperaturunun kəskin dəyişməsi bu qrup insanlar üçün daha təhlükəli hesab edilir”.

G. İsmayılova qeyd edib ki, meteohəssas insanlar üçün də hava temperaturunun dəyişməsi təhlükəli ola bilər:

“Atmosfer təzyiqi və temperatur dəyişəndə onlar şiddətli miqren, oynaq ağrıları və halsızlıq yaşayırlar. İmmuniteti zəif olanlar da ehtiyatlı olmalıdırlar. Kəskin keçidlər orqanizmin müqavimətini zəiflədərək virus infeksiyalarına (qrip, soyuqdəymə) zəmin yaradır”.

Terapevt bildirib ki, insan sağlamlığının hava dəyişikliklərinə reaksiyası və ümumi dözümlülüyü əsasən dörd mühüm faktordan asılıdır:

“Əsas faktorlardan biri bioloji və genetik faktordur. Yaş, cins və xroniki xəstəliklərin olması bədənin adaptasiya gücünü birbaşa təyin edir. Həyat tərzi və vərdişlər də çox önəmlidir. Aktiv hərəkət, zərərli vərdişlərdən (tütün, spirtli içki) uzaq olmaq və balanslı qidalanma immuniteti gücləndirir. Psixoloji və emosional vəziyyətin də orqanizmin hava dəyişikliklərinə reaksiyası və ümumi dözümlülüyündə rolu böyükdür. Stress və yuxusuzluq sinir sistemini zəiflədir və havanın mənfi təsirlərinə qarşı bədəni müdafiəsiz qoyur. Yaşadığınız yerin rütubət dərəcəsi, havanın çirklilik səviyyəsi və ani atmosfer təzyiqi dəyişmələri də bədənə birbaşa təsir edir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti