Bakı. Trend:
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası video-konfrans formatında keçirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, iclas zamanı Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud vəziyyət və qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb, bu istiqamətdə mövcud çətinliklər diqqətə çatdırılıb.
Həmçinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış elektron resurslar barədə məlumat verilib.
Eyni zamanda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən işçi qrupun 6 aylıq fəaliyyətinin nəticələrinə dair təhlil təqdim olunub. Qurumlar tərəfindən təqdim edilmiş hesabatlar nəzərdən keçirilib, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasın sonunda işçi qrupun növbəti iclasının gündəliyinə daxil ediləcək məsələlər müzakirə olunub və təkliflər səsləndirilib. Növbəti iclasın hazırlanması ilə bağlı işçi qrupun katibinə müvafiq tapşırıqlar verilib.
