Bakı. Trend:
Oktyabrın 22-də Bakı şəhərində Azərbaycan Respublikası və Norveç Krallığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Xarici İşlər Nazilriyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin
müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə bu ölkənin
Xarici işlər Nazirliyinin dövlət katibi Eivind Vad Petersson
rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Norveç arasında siyasi
əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib və ikitərəfli dialoqun
davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib.
Məsləhətləşmələr çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və
təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları
nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və
iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri
çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti
vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və
qarşılıqlı fəaliyyətin, eləcə də namizədliklərin qarşılıqlı
dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.
Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşması istiqamətində görülən işlər,
həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə tədbirləri
barədə məlumat verilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
