Bakı. Trend:
2007-ci ildən indiyədək kameralar vasitəsilə aparılan tədqiqatlar nəticəsində Azərbaycanda 49 bəbir qeydə alınıb. Onlardan 17-si bala olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA Zoologiya İnstitutundan bildirilib.
Qeyd olunub ki, qeydə alınan bəbirlərin hamısı eyni vaxtda Azərbaycan ərazisində yaşamayıb. Onların bir qismi ölkəyə gəlib, daha sonra başqa ərazilərə keçib. Azərbaycanda doğulub böyüyən fərdlər də sonradan digər ərazilərə üz tutublar. Bu səbəbdən bəbir populyasiyası dinamik xarakter daşıyır.
İnstitutdan bildirilib ki, bəbirlərə ən çox Naxçıvandakı Zəngəzur Milli Parkında rast gəlinir. İşğaldan azad edilmiş ərazilərdə isə uzun müddət nəsli kəsilmiş hesab olunan bəbirlər yenidən qeydə alınmağa başlayıb. Belə ki, 2023-cü ildə Kəlbəcər rayonunda quraşdırılmış kamera bir bəbiri lentə alıb.
Pələnglərlə bağlı isə qeyd olunub ki, rəsmi məlumatlara əsasən, onların son fərdləri 1928 və 1932-ci illərdə Astarada ovlanıb. Həmin pələnglərin müqəvvaları Azərbaycan Tibb Universitetinin muzeyində saxlanılır. Bundan sonra ölkədə pələng qeydə alınmayıb.
