Bakı. Trend:
Dövlət maliyyəsinin rəqəmsallaşdırılması şəffaflığın artırılmasına, vətəndaşların məlumatlara çıxış imkanlarının genişləndirilməsinə və büdcə gəlirləri ilə xərcləri üzərində ictimai nəzarətin gücləndirilməsinə şərait yaradacaq.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əyyub Kərimli cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, dünya yeni informasiya inqilabı ərəfəsindədir və bu prosesdə rəqəmsallaşma aparıcı rol oynayır. Rəqəmsallaşma yalnız texnoloji yenilik kimi deyil, həm də vətəndaşların həyatını asanlaşdıran, onların iqtisadi proseslərdə iştirakını sürətləndirən vasitə kimi qiymətləndirilməlidir.
Ə.Kərimlinin sözlərinə görə, rəqəmsallaşmanın əsas üstünlüklərindən biri vaxt itkisinin azaldılmasıdır. Elektron sistemlər vasitəsilə əməliyyatların daha sürətli həyata keçirilməsi həm vətəndaşlar, həm də özəl sektor üçün əlavə imkanlar yaradır.
O qeyd edib ki, dövlət maliyyəsində rəqəmsal həllərin tətbiqi ödəniş proseslərində insan amilini və mümkün neqativ halları azaltmağa, şəffaflığı artırmağa xidmət edir.
“Digər mühüm məsələ şəffaflığın təmin edilməsi və məlumatların əlçatanlığıdır. Vətəndaşlar müvafiq məlumatları əldə etmək, əməliyyatların şəffaflığını izləmək və əlavə informasiyalar almaq imkanı qazanırlar”, - deyə o bildirib.
İctimai Şuranın üzvü vurğulayıb ki, rəqəmsallaşma regionlarda yaşayan vətəndaşlarla böyük şəhərlərdə yaşayan insanlar arasında xidmətlərə çıxış baxımından bərabər imkanların yaradılmasına da töhfə verir. Elektron sistemlər xidmətlərin daha sürətli və əlçatan olmasını təmin edir.
Ə.Kərimli dövlət maliyyəsinin rəqəmsallaşdırılmasının ictimai nəzarətin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, büdcə gəlirləri və xərcləri ilə bağlı məlumatların, o cümlədən açıq məlumatların əlçatan olması təhlillərin və tədqiqatların aparılmasına imkan verəcək.
“Büdcə gəlirləri və xərcləri ilə bağlı məlumatların açıq olması, onların təhlil və tədqiqatlarda istifadəsi gələcəkdə ictimai nəzarətin həyata keçirilməsinə ciddi təsir göstərəcək”, - deyə o qeyd edib.
O əlavə edib ki, ümumilikdə rəqəmsallaşma həm özəl sektorun, həm də vətəndaşların iqtisadi fəaliyyətini sürətləndirir, onların iqtisadi proseslərdə daha çevik iştirakına şərait yaradır.
