Bakı.Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanda kiçik və orta bizensə (KOB) dəstək göstərməyə yönəlmiş İxrac-İdxal Bankının (ExImBank) yaradılmasını təklif edir.
Bu barədə Aİ-nin dəstəyi ilə hazırlanmış “Ticarət sektorunun tədqiqi — Azərbaycanın ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar” adlı hesabatda bildirilir.
Araşdırmanın nəticələrinə görə, həm mal, həm də xidmət ixracı ilə məşğul olan şirkətlərin əhəmiyyətli hissəsi ticarətin maliyyələşdirilməsi xidmətlərindən məhdud şəkildə istifadə edə bilir və ya bu xidmətlərə çıxış imkanına malik deyil.
Hesabatda qeyd olunur ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi maliyyə institutları Azərbaycan ixracatçılarına ticarətin maliyyələşdirilməsi alətləri təqdim edir.
“Beynəlxalq maliyyə institutlarının ticarətin maliyyələşdirilməsi üçün ayırdığı vəsaitlər kommersiya bankları vasitəsilə bölüşdürüldüyündən, onların ixracın maliyyələşdirilməsi ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edilməsi ehtimalı mövcuddur. Bu baxımdan, ticarətin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi və ixracatçılar üçün bu sahədə məlumatlandırma proqramlarının təşkili məqsədəuyğun olardı.
Bundan əlavə, İxrac Kreditlərinin və Faktorinqin Sığortalanması üzrə Azərbaycan Fondunun və ya İxrac-İdxal Bankının (ExImBank) yaradılması məqsədəuyğun olardı”, — deyə hesabatda bildirilir.
Hesabatın müəllifləri hesab edirlər ki, belə bir fond qeyri-neft məhsulları və xidmətləri ixrac edən kiçik və orta sahibkarlıq subyektlərinə aşağı faiz dərəcələri ilə ixrac müqavilələrinin sığortalanması, ixracdan əvvəl maliyyələşdirmə və faktorinq xidmətləri göstərə bilər.
