Bakı. Trend:
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova süni intellekt və texnoloji tərəqqinin yaratdığı imkanlarla yanaşı, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklərin də meydana çıxdığını bildirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, o bu çağırışların türk dövlətləri arasında rəqəmsal inkişaf və təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini zəruri etdiyini vurğulayıb.
Belə ki, oktyabrın 20-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclasında çıxış edən Sahibə Qafarova təşkilatın fəaliyyətindən danışıb.
O bildirib ki, 2009-cu ilin sentyabrında Bakıda ilk plenar iclasın keçirilməsindən ötən müddətdə TÜRKPA səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib, beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşıb.
Spiker təşkilatın fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəli və ardıcıl şəkildə həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, TÜRKPA-nın daimi komissiyaları mühüm əlaqələndirmə mexanizmləri rolunu oynayır və təşkilat çərçivəsində əhəmiyyətli model qanunvericilik bazası formalaşır.
S.Qafarova seçki və referendumların müşahidəsinin də birgə fəaliyyətin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edib ki, bu iş TÜRKPA-nın beynəlxalq müşahidəçilik institutu kimi rolunun və nüfuzunun güclənməsinə xidmət etməklə yanaşı, parlamentlər arasında təcrübə mübadiləsinə də imkan yaradır. O bu fürsətdən istifadə edərək Qırğızıstan və Qazaxıstandan olan həmkarlarını uğurla keçirilmiş parlament seçkiləri və Konstitusiya referendumu münasibətilə təbrik edib.
Milli Məclisin sədri TÜRKPA-nın üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirmək imkanlarını da diqqətə çatdırıb. Bu baxımdan Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Gənc parlamentarilərin rolundan danışan S.Qafarova bildirib ki, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Prezident İlham Əliyev ötən ay Bakıda təşkilata üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edərkən ölkələrin qarşılaşdığı təhdidlər barədə fikirlərini bölüşüb və təşkilatı gənclər siyasəti sahəsində fəal işləməyə dəvət edib. Spiker TÜRKPA-nı və xüsusilə gənc parlamentariləri bu istiqamətdə səylərini gücləndirməyə çağırıb.
O qeyd edib ki, TÜRKPA-nın əsas xüsusiyyətlərindən biri ortaq mədəniyyətə, tarixə, dilə və milli-mənəvi dəyərlərə malik xalqların nümayəndələrini vahid platformada birləşdirməsidir. S.Qafarovanın sözlərinə görə, bu amil parlament üzvlərinin üzərinə düşən məsuliyyəti daha da artırır.
Rəqəmsal inkişaf məsələlərinə toxunan spiker süni intellekt və texnoloji tərəqqinin müasir idarəetmənin və ölkələrin dayanıqlı inkişafının əsas elementlərinə çevrildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda bu istiqamət prioritet kimi müəyyənləşdirilib.
S.Qafarova xatırladıb ki, cari ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib. O, Prezident İlham Əliyevin fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradıldığını da qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində vahid yanaşmanın formalaşdırılmasını və milli siyasətin əlaqələndirilməsini təmin edir.
Milli Məclisin sədri parlamentin bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində fəal işlədiyini bildirib. O qeyd edib ki, Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunvericilik aktları qəbul edilir, rəqəmsal texnologiyalar, innovativ məhsullar və texnologiyaların transferi kimi anlayışlar milli qanunvericiliyə daxil edilir, süni intellektin hüquqi statusu müəyyənləşdirilir.
S.Qafarova qanunvericilik islahatları ilə yanaşı, Azərbaycan parlamentinin də öz fəaliyyətində texnoloji tərəqqinin imkanlarından səmərəli istifadə etdiyini vurğulayıb. O, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi üçün müasir texnoloji imkanlardan və rəqəmsal texnologiyalardan geniş istifadə olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Çıxışda Türk Dövlətləri Təşkilatının ötən ilin oktyabrında Azərbaycanın Qəbələ şəhərində keçirilmiş 12-ci Zirvə Görüşünün Yekun Bəyannaməsində süni intellekt sahəsində əməkdaşlığın əhəmiyyətinin xüsusi vurğulandığı da qeyd edilib.
Spiker bu sahədə artıq müsbət təcrübənin mövcud olduğunu bildirərək, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində iki ölkə tərəfindən reallaşdırılan Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını xatırladıb.
S.Qafarova vurğulayıb ki, süni intellekt və texnoloji tərəqqi yeni imkanlarla yanaşı, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahələrində əlavə risklər də yaradır. Onun fikrincə, bu çağırışlar qeyd olunan sahələrdə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsini zəruri edir.
Çıxışının sonunda Milli Məclisin sədri TÜRKPA-ya sədrlik dövründə Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyevə uğurlar arzulayıb. O, 15-ci plenar iclasda aparılacaq müzakirələrin və qəbul ediləcək qərarların parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
