Bakı. Trend:
Hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyətini nəzərə alaraq inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə 15 gün müddətində baxılacaq.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanun layihəsi hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyətini nəzərə alaraq inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə dərhal və ya 48 saat müddətində deyil, 15 gün müddətində baxılmasını təklif edir.
Qanun layihəsinə əsasən, hərbi qulluqçunun xidməti vəzifələrinin icrası ilə bağlı və ya digər üzrlü səbəblərdən dərhal məhkəməyə gələ bilmədiyi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə gətirilə bilmədiyi hallarda barəsində başlanılmış inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə 15 gün müddətdə baxılır.
Mövcud qanunvericiliyə görə, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan 15 müddətində baxır.
İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını 1 ayadək müddətə uzadır.
İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır.
