Bakı. Trend:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) korporativ idarəetmənin təkmilləşdirilməsi, vahid komplayens mədəniyyətinin formalaşdırılması və müəssisələrin fəaliyyət xüsusiyyətlərinə uyğun risklərin idarə edilməsi istiqamətində işlər aparılır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu AZCON-un Baş Hüquq İnzibatçısı və Hüquq departamentinin direktoru Toğrul Quluzadə bu gün Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
O bildirib ki, dövlət müəssisələrinin korporativləşməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlığının artırılması, həmçinin korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi baxımından AZCON-un yaradılması mühüm təşəbbüs olub.
Toğrul Quluzadənin sözlərinə görə, noyabrın 7-də holdinqin yaradılmasının ikinci ildönümü tamam olur. O qeyd edib ki, nəqliyyat və kommunikasiya sahələrində son dövrdə müşahidə olunan artımda dövlətə məxsus müəssisələrin də payı var.
“Düşünürəm ki, burada korporativ idarəetmənin və komplayensin də rolu böyükdür”, - deyə o vurğulayıb.
AZCON rəsmisi bildirib ki, holdinqin strukturuna nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən 11 müəssisə daxildir. Həmin müəssisələrin ayrıca hüquqi şəxs statusuna malik törəmə qurumları da mövcuddur.
O qeyd edib ki, qarşıya qoyulan əsas hədəflərdən biri holdinqə daxil olan müəssisələrdə vahid korporativ idarəetmə və komplayens mədəniyyətinin formalaşdırılmasıdır. Bununla belə, vahid yanaşma bütün qərarların mərkəzləşdirilmiş qaydada qəbul edilməsi demək deyil.
“Bütün sektorların özünəməxsus xüsusiyyətləri, tənzimləmə tələbləri və riskləri var. Buna görə də vahid komplayens mədəniyyəti yaratmaqla yanaşı, hər bir sahənin xüsusiyyətlərini nəzərə alan fərqli yanaşmalar tətbiq edilməlidir”, - deyə Toğrul Quluzadə bildirib.
O diqqətə çatdırıb ki, nəqliyyat sahəsində beynəlxalq standartlara və konvensiyalardan irəli gələn tələblərə riayət olunması xüsusi əhəmiyyət daşıyır. Hava nəqliyyatında uçuşların təhlükəsizliyi və aviasiya təchizat zəncirinin etibarlılığı əsas prioritetlərdəndir.
Dəniz nəqliyyatında isə gəmilərin həm Xəzər hövzəsində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərməsi beynəlxalq tələblərə, o cümlədən ekoloji normalara əməl edilməsini zəruri edir.
Toğrul Quluzadə rəqəmsallaşmanın genişlənməsi ilə əlaqədar fərdi məlumatların qorunması, rəqəmsal infrastrukturun dayanıqlığının təmin edilməsi və kibertəhlükəsizlik məsələlərinin də aktuallaşdığını bildirib.
“Bu gün kibertəhlükəsizlik sahəsində təhdidlər daim dəyişir. Belə risklərin qarşısının alınması üçün müəssisələrdə müvafiq daxili qayda və prosedurlar müəyyən edilməli, onların icrasına nəzarət olunmalıdır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi, korporativ idarəetmənin gücləndirilməsi və risklərin effektiv idarə olunması AZCON-un fəaliyyətində vahid komplayens mədəniyyətinin formalaşdırılmasının əsas istiqamətlərindəndir.
