Rəqəmsal ekosistemin inkişafı komplayens və kibertəhlükəsizlik sahəsində məsuliyyəti artırır - Şirin Əliyeva

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 20 Oktyabr 2026 10:37 (UTC +04:00)
Rəqəmsal ekosistemin inkişafı komplayens və kibertəhlükəsizlik sahəsində məsuliyyəti artırır - Şirin Əliyeva
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal ekosistemin genişlənməsi, yeni texnologiyaların tətbiqi və geosiyasi risklərin artması telekommunikasiya sektorunda komplayens, kibertəhlükəsizlik və risklərin idarə edilməsi üzrə məsuliyyəti artırır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Azercell Telekom” MMC-nin Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.

O bildirib ki, rəqəmsal ekosistemə bulud xidmətləri, maliyyə texnologiyaları ("FinTech"), genişzolaqlı internet və digər rəqəmsal həllər daxildir. Bu ekosistemin inkişafı həm qlobal, həm də yerli səviyyədə yeni imkanlar yaratmaqla yanaşı, iştirakçıların üzərinə böyük məsuliyyət qoyur.

Ş. Əliyevanın sözlərinə görə, son iki ildə bir sıra ölkələrdə rəqəmsal iqtisadiyyat və süni intellekt strategiyaları da daxil olmaqla, müxtəlif konsepsiya və strateji sənədlər təsdiqlənib. Bu proseslər rəqəmsal transformasiyanın dövlətlər və biznes subyektləri üçün əhəmiyyətini daha da artırır.

O qeyd edib ki, telekommunikasiya sektorunda komplayens üzrə məsuliyyətin genişlənməsinin əsas səbəblərindən biri kibertəhlükəsizlik risklərinin artmasıdır.

“Azərbaycanın geosiyasi mövqeyini və rəqəmsal sahədə fəaliyyətimizi nəzərə alsaq, kiberhücumlar daim diqqətdə saxlanılmalı olan əsas risklərdəndir. Xüsusilə COP29 kimi mühüm beynəlxalq tədbirlər zamanı kibertəhlükəsizlik məsələləri daha da aktuallaşır”, - deyə o bildirib.

Ş. Əliyeva vurğulayıb ki, bu risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması üçün monitorinq mərkəzləri 24/7 rejimində fəaliyyət göstərir. Bununla yanaşı, əməkdaşların etik davranış qaydalarına riayət etməsi, maraqlar toqquşmasının qarşısının alınması və komplayens tələblərinin gündəlik iş proseslərinə inteqrasiyası da mühüm əhəmiyyət daşıyır.

O bildirib ki, telekommunikasiya və bank sektorları kritik infrastrukturun tərkib hissəsidir. Buna görə də fövqəladə vəziyyətlər və böhranlar zamanı rabitə xidmətlərinin fasiləsizliyinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

“Baş verən hadisələrdən asılı olmayaraq, kommunikasiya xidmətləri əlçatan qalmalıdır. İnsanlar istənilən böhran şəraitində bir-biri ilə əlaqə saxlamaq imkanına malik olmalıdırlar”, - deyə o qeyd edib.

Baş direktorun sözlərinə görə, bunun üçün risklərin idarə edilməsi sisteminin düzgün qurulması, risk matrisasının təsdiqlənməsi, icrasına nəzarət və effektiv daxili nəzarət mexanizmlərinin tətbiqi vacibdir. Şəbəkələrin dayanıqlılığının təmin olunması isə komplayens və kibertəhlükəsizlik tədbirlərinin mütəmadi sınaqdan keçirilməsini tələb edir.

Ş. Əliyeva şəxsi məlumatların qorunmasının da telekommunikasiya şirkətləri üçün əsas prioritetlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, telekommunikasiya operatorları istifadəçilərin şəxsi yazışmaları, internetdən istifadə vərdişləri və digər həssas məlumatları ilə işlədiklərinə görə bu sahədə məsuliyyətləri daha böyükdür. Rəqəmsal həllərin genişlənməsi məlumatların qorunmasına dair riskləri və tələbləri də artırır.

O, Azərbaycanda rəqəmsal infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərə də toxunub. Bildirib ki, “Aztelekom” tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə əhalisinin 98 faizi genişzolaqlı internetlə əhatə olunub.

Ş. Əliyeva qeyd edib ki, internet xidmətlərinin ucqar regionlarda da genişləndirilməsi iqtisadi imkanların artırılmasına şərait yaradır. Xüsusilə kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən qadınlar rəqəmsal imkanlardan istifadə etməklə məhsul və xidmətlərini daha geniş bazarlara çıxarmaq imkanı əldə edirlər.

Bununla yanaşı, o, geosiyasi gərginliklərin telekommunikasiya sektorunda təchizat zəncirlərinə təsir göstərdiyini bildirib. Yaxın Şərqdəki gərginliyin qrafik prosessorları (GPU) və digər texnoloji avadanlıqların tədarükü ilə bağlı çətinliklər yaratdığını vurğulayıb.

Ş. Əliyevanın sözlərinə görə, telekommunikasiya avadanlıqları bazarında Ericsson, Nokia və Huawei kimi iri beynəlxalq şirkətlərin fəaliyyəti fonunda sanksiya riskləri də diqqətlə qiymətləndirilməlidir: "Bu şəraitdə komplayens tələblərinə əməl etməklə yanaşı, təchizat zəncirinin davamlılığını təmin etmək sektor üçün əsas çağırışlardan biridir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti