Azərbaycan və Dünya Bankı nəzərdə tutulan layihələri müzakirə ediblər

İqtisadiyyat Xəbər 19 Oktyabr 2026 16:06 (UTC +04:00)
Azərbaycan və Dünya Bankı nəzərdə tutulan layihələri müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Dünya Bankı arasında həyata keçirilən və nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov və maliyyə nazirinin birinci müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə keçirilən görüşdə iştirak edib.

Görüşdə ölkədə makroiqtisadi mühit, maliyyə sektorunun inkişaf meyilləri və DB ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin cari statusu barədə məlumat verilib. Bundan əlavə, Azərbaycan ilə DB arasında uzunmüddətli və səmərəli əməkdaşlığın ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, maliyyə sektorunun inkişafına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə həmçinin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına dəstək mexanizmləri, eləcə də DB-nin 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi çərçivəsində həyata keçirilən və nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı müxtəlif iqtisadi sahələri əhatə edir. Dünya Bankı ilə tərəfdaşlıq rəqəmsal inkişafla yanaşı, infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar istiqamətlərini də əhatə edir. Bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumata əsasən, Azərbaycanın banka üzv olduğu dövrdən etibarən 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb.

Bu layihələr ölkənin infrastrukturunun inkişafı, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, su idarəçiliyinin təkmilləşdirilməsi, məşğulluğun artırılması və institusional potensialın gücləndirilməsinə yönəlib. Dünya Bankı Azərbaycanla uzunmüddətli əməkdaşlığın davam etdirilməsində və tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycanın beynəlxalq inkişaf təşəbbüslərində iştirakı da bu əməkdaşlığın digər istiqamətidir. Ölkə yuxarı orta gəlirli ölkə statusu əldə etdikdən sonra donor kimi beynəlxalq inkişaf təşəbbüslərinə dəstəyini artırıb.

Bununla yanaşı, beynəlxalq maliyyə institutlarının Azərbaycan iqtisadiyyatına dair proqnozları iqtisadi artımın perspektivlərini qiymətləndirmək baxımından əhəmiyyət daşıyır. Dünya Bankının son hesabatına görə, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının 2026-cı ildəki 1,2 faizdən 2027-ci ildə 1,8 faizə, 2028-ci ildə isə 1,9 faizə yüksələcəyi gözlənilir.

Bankın qiymətləndirməsinə əsasən, 2026-cı ildə iqtisadi artımın zəifləməsi neft sektorunda struktur xarakterli azalmanın davam etməsi və dövlət kapital xərclərinin azalması fonunda qeyri-neft iqtisadiyyatının gözləniləndən zəif artması ilə əlaqələndirilir. Bununla belə, qeyri-neft sektorunda daha yüksək artım templərinin sonrakı illərdə ümumi iqtisadi artımın sürətlənməsinə dəstək verəcəyi proqnozlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti