Azərbaycanın qərarlarını Ankara yox, Bakı verir

Siyasət Xəbər 18 Oktyabr 2026 13:33 (UTC +04:00)
Azərbaycanın qərarlarını Ankara yox, Bakı verir
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə və strateji müttəfiqliyə söykənir. Bu münasibətlər hər iki ölkə üçün böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır. Lakin dostluq və müttəfiqlik anlayışlarının mahiyyəti dəqiq müəyyənləşdirilməlidir: yaxın münasibətlər tərəflərdən birinin digərinin daxili və xarici siyasətinə istiqamət vermək hüququ demək deyil.

Son günlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) bağlı siyasi dairələrdə və media platformalarında Azərbaycanın məktəblərdə vahid geyim qaydaları, dünyəvi təhsil prinsipləri və İsraillə münasibətləri ətrafında səsləndirilən fikirlər bu məsələnin aktuallığını bir daha ortaya qoyur. Ayrı-ayrı vəzifəli şəxslərin Azərbaycana öz siyasi və ideoloji baxışlarını qəbul etdirmək cəhdləri dostluq münasibətlərinin ruhuna uyğun gəlmir.

Azərbaycan müstəqil dövlətdir. Onun daxili siyasəti, təhsil sistemi və xarici siyasət prioritetləri ölkənin milli maraqları əsasında müəyyənləşdirilir. Bu prinsipi qəbul etmək üçüncü ölkələrdən icazə almaq deyil, dövlətlərarası münasibətlərin fundamental qaydalarına hörmət etmək deməkdir.

Vahid məktəbli geyim forması Azərbaycanın daxili siyasətidir

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı müzakirələrə kənardan siyasi və ideoloji məzmun yüklənməsi məsələnin mahiyyətini dəyişmir. Dövlət təhsil sisteminin təşkili, məktəblərdə ümumi qaydaların müəyyənləşdirilməsi və dünyəvi təhsil modelinin qorunması Azərbaycan Respublikasının daxili siyasətinə aiddir.

Ancaq məsələni yalnız dini simvollar ətrafında manipulyasiyalar quraraq Azərbaycanın dünyəvi dövlət modelini hədəfə almaq qəbuledilməzdir.

Azərbaycanın təhsil siyasətinə münasibət bildirmək istəyən xarici siyasi dairələr bir həqiqəti nəzərə almalıdırlar: müzakirə aparmaq başqa, suveren dövlətə qərarını dəyişməyi əmr etmək, media və sosial şəbəkələrdə planlı kampaniyaya aparmaq başqadır.

“Bir millət, iki dövlət” qarşılıqlı hörmət deməkdir

Azərbaycan və Türkiyə münasibətlərinin gücü tərəflərdən birinin digərindən asılılığında deyil, ortaq maraqların və qarşılıqlı etimadın mövcudluğundadır. “Bir millət, iki dövlət” ifadəsi də məhz iki müstəqil dövlətin yaxınlığını ifadə edir.

Bu prinsip Azərbaycanın Türkiyənin daxili siyasətinə müdaxilə etməməsini tələb etdiyi kimi, Türkiyənin də Azərbaycanın suveren qərarlarına hörmət etməsini nəzərdə tutur. Ortaq dil, tarix və mədəniyyət heç bir tərəfə digərinin siyasi iradəsini müəyyənləşdirmək səlahiyyəti vermir.

Türkiyədəki bəzi siyasi fiqurların Azərbaycan rəhbərliyinə ünvanladıqları ultimativ çağırışlar, ölkənin qərarlarını “düzəltmək” barədə tələblər və dini həssaslıqlardan istifadə edən media kampaniyaları məhz bu baxımdan qiymətləndirilməlidir.

Azərbaycanın dostları onun qərarları ilə razılaşmaya bilərlər. Lakin fikir ayrılığı təzyiqə, siyasi şantaja və daxili məsələlərin xarici siyasi mübarizənin alətinə çevrilməsinə əsas vermir.

Əsl müttəfiqlik tərəflərin bir-birinin suverenliyini qoruması ilə ölçülür. Bu prinsipə əməl olunmadıqda, dostluq ritorikası ilə siyasi təsir cəhdləri arasında fərq qoymaq zərurəti yaranır.

İsraillə münasibətlər Azərbaycanın suveren seçimidir

Azərbaycanın İsraillə əlaqələrini tənqid edənlər də bu münasibətlərin hansı əsaslar üzərində qurulduğunu nəzərə almalıdırlar. Bakı ilə Təl-Əviv arasında əməkdaşlıq enerji, ticarət, texnologiya, müdafiə və digər istiqamətləri əhatə edir. Bu əlaqələr Azərbaycanın milli maraqları və müstəqil xarici siyasət kursu çərçivəsində inkişaf edib.

Azərbaycanın İsraillə münasibətlərinin mövcudluğu onun Fələstin məsələsində mövqeyini avtomatik olaraq müəyyən etmir. Bakı həm İsraillə ikitərəfli əlaqələrini davam etdirə, həm də Fələstin xalqının hüquqlarını, dövlətçilik istəyini və beynəlxalq hüquqa əsaslanan həll prinsipini dəstəkləyə bilər. Diplomatiya məhz müxtəlif tərəflərlə münasibətləri milli maraqlar əsasında idarə etmək bacarığıdır.

Azərbaycanın xarici siyasətini yalnız bir ölkə ilə münasibətlərə endirmək, bütün digər mövqeləri həmin əlaqələrin kölgəsində təqdim etmək siyasi reallığın təhrifolunması deməkdir.

Türkiyənin İsraillə münasibətləri də 1990-2000-ci illərdə ən yüksək səviyyədə olub. İki ölkə arasında diplomatik əlaqələr, ticarət və iqtisadi münasibətlər uzun müddət nümunəvi olub. Bu tarixi təcrübə göstərir ki, dövlətlər öz milli maraqlarına uyğun qərarlar verir, münasibətlərini dəyişən şəraitə əsasən yenidən nəzərdən keçirirlər.

Elə isə Azərbaycanın da xarici siyasət seçimlərinə eyni prinsip əsasında yanaşılmalıdır. Bir ölkənin öz maraqlarını əsas gətirərək müəyyən tərəfdaşlarla münasibətlərini idarə etməsi normal qəbul edilirsə, digər ölkənin də suveren seçimlərinə hörmət edilməlidir.

Bakı–Tbilisi–Ceyhan xətti və ikili standartlar məsələsi

Azərbaycanın İsraillə əməkdaşlığı müzakirə edilərkən enerji amilinin gündəmə gətirilməsi də diqqətdən kənarda qalmır. Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri Azərbaycanın dünya enerji bazarlarına çıxışında strateji əhəmiyyət daşıyır. Bu infrastruktur Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirən mühüm regional enerji layihəsidir.

Siyasi ritorikada İsrailə qarşı sərt bəyanatlar verən, mitinq meydanlarında bəlağətli çıxışlar edən AKP rəsmiləri və onun media ruporları real iqtisadi müstəvidə tamamilə fərqli mənzərə nümayiş etdirirlər. Beynəlxalq enerji analitik mərkəzlərinin (məsələn, Kpler və Bloomberg) statistik məlumatları göstərir ki, Türkiyənin Ceyhan limanından yüklənərək İsrailin Aşdod və Hayfa limanlarına daşınan xam neftin həcmi heç də azalmayıb, əksinə bəzi dövrlərdə rekord həddə çatıb.

Türkiyə rəsmiləri bu tənqidlərə cavab olaraq hər dəfə" beynəlxalq müqavilələrə bağlı olduqlarını, Bakı-Tbilisi-Ceyhan boru xəttinin tranzit statusuna görə hüquqi öhdəliklərini dayandıra bilməyəcəklərini", - əsas gətirirlər. Eyni zamanda, Türkiyə limanlarından başqa ölkələrin bayraqları altında Türkiyə istehsalı kənd təsərrüfatı və sənaye məhsullarının da İsrail limanlarına yan aldığı da məlumdur. Bu maxinasiya Türkiyə hakimiyyətinə formal olaraq İsraillə ticarət əlaqələrini kəsdiyini deməyə, reallığı ört-basdır etməyə əsas verir. Amma bu gizli ticarət, daşınan məhsulların marşrutu, həcmi və təyinatı məlumdur.

Burada belə bir sual yaranır - əgər Türkiyə enerji infrastrukturu ilə bağlı qərarlarını beynəlxalq sazişlər, iqtisadi maraqlar və hüquqi öhdəliklər çərçivəsində izah edirsə, Azərbaycanın da öz beynəlxalq müqavilələrinə, strateji tərəfdaşlıqlarına və milli maraqlarına uyğun siyasət yürütmək hüququ var.

Heç bir dövlət öz maraqlarını qorumaq üçün istifadə etdiyi prinsipləri digər dövlətə münasibətdə inkar etməməlidir. Suverenlik və beynəlxalq hüquqa hörmət yalnız siyasi baxımdan əlverişli məqamlarda xatırlanan anlayışlar olmamalıdır.

Azərbaycanın enerji siyasətini və İsraillə münasibətlərini tənqid edənlərdən də eyni ardıcıllıq gözlənilir: faktlar dəqiq göstərilməli, müqavilələrin mahiyyəti təhrif edilməməli, siyasi qiymətləndirmə ilə faktiki məlumat bir-birindən ayrılmalıdır.

Azərbaycana göstəriş vermək heç kimin haqqı deyil

Azərbaycanın müstəqilliyi yalnız dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmır. Bu müstəqillik ölkənin siyasi qərarlarını, iqtisadi prioritetlərini, təhsil modelini və xarici tərəfdaşlarını özü müəyyənləşdirmək hüququnu da əhatə edir.

Bu səbəbdən Azərbaycanın məktəbli geyimi ilə bağlı qərarlarını başqa ölkələrin daxili siyasi mübarizəsinin mövzusuna çevirmək, İsraillə əlaqələrinə görə onu mənəvi mühakimə obyektinə çevirmək və Bakıdan xarici siyasi dairələrin tələblərinə uyğun addımlar gözləmək qəbuledilməz yanaşmadır.

Azərbaycan heç bir ölkənin siyasi və ideoloji əlavəsi deyil. Onun dövlətçilik modeli, tarixi təcrübəsi və milli maraqları özünəməxsusdur. Bakı öz qərarlarını başqa paytaxtların siyasi gözləntilərinə uyğunlaşdırmaq məcburiyyətində deyil.

Söhbət iki xalq arasında dostluğa qarşı çıxmaqdan deyil, Türkiyənin siyasi hakimiyyətindəki iqtidarındakı bəzi siyasi dairələrin dostluğun bərabərhüquqlu dövlətlər arasında münasibətlər kimi qorunmasını anlaya bilməməsindən gedir. Türkiyə ilə strateji tərəfdaşlıq Azərbaycan üçün əhəmiyyətlidir, lakin bu tərəfdaşlığın təməlində Azərbaycanın müstəqil qərarvermə hüququ dayanır

Eyni yanaşma İran da daxil olmaqla, bütün digər dövlətlərə münasibətdə keçərlidir. Azərbaycanın daxili siyasəti və xarici əlaqələri ilə bağlı qərarların ünvanı Bakıdakı legitim dövlət institutlarıdır. Heç bir xarici siyasi mərkəz özünü Azərbaycanın qərarverən tərəfi yaxud böyük qardaşı kimi təqdim edə bilməz.

Nəticə etibarilə, dövlətlərarası münasibətlərin sağlamlığı təzyiq imkanları ilə deyil, qarşılıqlı hörmətlə ölçülür. Azərbaycanın dostları onunla əməkdaşlıq edə, fərqli mövqelərini ifadə edə və dialoq apara bilərlər. Ancaq dostluq adı altında göstəriş vermək, siyasi kampaniyalarla qərarları dəyişdirməyə çalışmaq və milli maraqları başqa ölkələrin ideoloji gündəliyinə tabe etdirmək cəhdləri qəbul edilə bilməz.

Azərbaycanın qərarlarını Ankara yox, Bakı verir. Və bu müstəqil dövlətçiliyin əsas prinsipidir.

Xəbər lenti

Xəbər lenti