Azərbaycan ilk dəfə İtaliyada keçiriləcək "Med Dialogues" konfransına dəvət alıb (ÖZƏL)

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 18:09 (UTC +04:00)
Azərbaycan ilk dəfə İtaliyada keçiriləcək "Med Dialogues" konfransına dəvət alıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilk dəfə olaraq İtaliyada keçiriləcək "Med Dialogues" (Aralıq dənizi Dialoqları) beynəlxalq konfransında qonaq qismində iştirak etmək üçün dəvət alıb.

Bu barədə cümə günü Trend-ə məlumatlı mənbə bildirib.

“Bakıya dəvət noyabrın 19-21-də Neapolda keçiriləcək növbəti konfransa hazırlıq çərçivəsində göndərilib”, - deyə mənbə qeyd edib.

Xəbər dərc olunanadək Azərbaycan tərəfi bu məlumatı şərh etməyib.

Qeyd edək ki, "Med Dialogues" konfransı hər il İtaliyanın Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən birgə təşkil olunur.

Bu il 12-ci dəfə keçiriləcək konfrans Aralıq dənizi regionunun gələcəyinə, eləcə də təhlükəsizlik, sabitlik və iqtisadi dayanıqlılıq arasındakı qarşılıqlı əlaqəyə həsr olunacaq. Əsas diqqət enerji, infrastruktur, ticarət dəhlizləri, təchizat zəncirləri, investisiyalar və iqtisadi artım üçün yeni imkanlara yönəldiləcək.

Konfransın məqsədi Avropa-Aralıq dənizi tərəfdaşlığını gücləndirmək, geosiyasi çağırışları əməkdaşlıq, innovasiya və dayanıqlı inkişaf imkanlarına çevirməkdir. Bu məqsədlə dövlət qurumları, şirkətlər, investorlar, elmi-tədqiqat ictimaiyyəti və vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun qurulması planlaşdırılır.

Əvvəlki konfranslarda dövlət başçıları, nazirlər, yüksək vəzifəli rəsmilər, beynəlxalq təşkilatların nümayəndələri və biznes rəhbərləri də daxil olmaqla, 2 mindən çox beynəlxalq lider iştirak edib. İştirakçıların əksəriyyəti Aralıq dənizi regionu ölkələrini, eləcə də Avropa, Asiya və ABŞ-ni təmsil edib.

"MED Dialogues" konfranslarında İordaniya kralı, İraq və Livan prezidentləri, Əlcəzair, Misir, İran, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri, ABŞ dövlət katibi və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Konfranslarda, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ-nin Aralıq dənizi regionu, Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndələri, BMT-nin Suriya, Liviya və Yəmən üzrə xüsusi elçiləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, eləcə də regionda diplomatiya və əməkdaşlığın inkişafı ilə məşğul olan digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti