Mənzil bazarında qiymətlər III rübdə 1,4 faiz artıb

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 12:39 (UTC +04:00)
Mənzil bazarında qiymətlər III rübdə 1,4 faiz artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin III rübündə Azərbaycanda mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,4 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər 1,3 faiz, təkrar mənzil bazarında isə 1,4 faiz yüksəlib.

2026-cı ilin III rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artıb. İlkin mənzil bazarında illik qiymət artımı 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz təşkil edib.

2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mənzil bazarında qiymətlər ümumilikdə 8,4 faiz yüksəlib. Bu müddətdə ilkin mənzil bazarında qiymətlər 11,9 faiz, təkrar mənzil bazarında isə 8,3 faiz artıb.

Bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda isə bildirilib ki, Azərbaycanda mənzil bazarında qiymətlər son bir ildə 8,4 faiz artıb. Ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 917 manat təşkil edib, daşınmaz əmlakın kapitalizasiya müddəti isə 23 ilə yüksəlib.

Hesabata əsasən, ötən ilin sonu ilə müqayisədə daşınmaz əmlakın kapitalizasiya müddəti 2,1 il artıb. Vurğulanıb ki, bu dəyişiklik mənzil qiymətlərinin yüksəlməsi fonunda kirayə qiymətlərinin nisbətən azalması ilə izah olunur.

"Mənzil bazarında qiymət artımının dinamikasında müəyyən səngimə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər 12,7 faiz, təkrar mənzil bazarında isə 8,3 faiz artıb. Son bir il ərzində ilkin bazarda qiymət artımının tempi sabit qalsa da, təkrar bazarda artımın müəyyən qədər zəiflədiyi qeyd olunub.

Hesabatda əhalinin gəlirlərinin ipoteka kreditlərinin əlçatanlığına təsiri də qiymətləndirilib. Dünya təcrübəsində geniş istifadə edilən əlçatanlıq indeksi adambaşına düşən aylıq sərəncamda qalan gəlirlərin ipoteka kreditləri üzrə orta aylıq ödənişə nisbəti əsasında hesablanır.

İndeksin 100 faizdən yüksək olması əhalinin sərəncamda qalan gəlirlərinin ipoteka ödənişlərini qarşılamaq üçün kifayət etdiyini, 100 faizdən aşağı olması isə aylıq ipoteka ödənişinin sərəncamda qalan gəliri üstələdiyini göstərir", - məlumatda qeyd edilib.

Bundan başqa, Maliyyə Nazirliyinin 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsindəki məlumatına əsasən, Azərbaycanın 2027-ci il dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatı xərclərinə 335,2 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin ümumi xərclərinin 0,8 faizini təşkil edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti