Bakı.Trend:
Hörmüz boğazının şərqində neft tankeri atəşə tutulub.
İran dövlət telekanalının məlumatına görə bu barədə İranın hərbi dəniz qüvvələrinin mətbuat xidmətindən bildirilib.
Açıqlamaya görə, atəşə tutulmuş neft tankeri qadağan edilmiş su ərazilərindən keçməyə çalışıb.
“Bu tanker izləmə sistemlərini söndürərək Oman dənizində qadağan olunmuş ərazidən keçməyə cəhd edib”, – Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir.
Hazırda gəmidə yanğının baş verdiyi bildirilir. Gəminin hansı bayraq altında üzdüyü və ekipaj üzvlərinin aqibəti barədə məlumat yoxdur.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
