Bolqarıstanda güclü yağışı və külək səbəbindən nəqliyyatda ciddi fasilələr yaranıb

Dünya xəbərləri Xəbər 30 Noyabr 2026 00:41 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstanda güclü qar və külək qatarların hərəkətində problemlərə səbəb olub.

Bolqarıstan Dəmir Yollarının (BDJ) mətbuat xidmətinin məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən 47 qatar ciddi gecikmə ilə hərəkət edir, bəzi reyslər isə ləğv olunub.

Bolqarıstan Teleqraf Agentliyinin məlumatına əsasən, Sofiyadan Varnaya gedən və təxminən 200 sərnişinin olduğu qatar kontakt şəbəkəsinin zədələnməsi səbəbindən yerli vaxtla saat 03:30-da (Moskva vaxtı ilə 04:30) Yeliseyna stansiyasında dayanıb. Qatar yalnız saat 13:01-də hərəkətini davam etdirə bilib.

BDJ yaranmış problemləri təsdiqləyərək sərnişinləri yalnız zəruri hallarda dəmir yolu nəqliyyatından istifadə etməyə çağırıb. Bildirilib ki, yeni qatar reyslərinin ləğvi və hərəkət cədvəlində əlavə çətinliklər yarana bilər.

Sofiya hava limanı da əlverişsiz hava şəraiti səbəbindən uçuşların cədvəlində pozuntular yarandığını, bəzi reyslərin ləğv edildiyini açıqlayıb.

Ölkənin şimal-qərb hissəsində avtomobillərin hərəkəti çətinləşib, çoxsaylı yol qəzaları qeydə alınıb. Onlarla yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Güclü qar yağışının fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti