Mettyu Makkonahi 2028-ci il ABŞ prezident seçkilərində namizədliyini irəli sürə bilər

Dünya xəbərləri Xəbər 29 Noyabr 2026 15:12 (UTC +04:00)
Mettyu Makkonahi 2028-ci il ABŞ prezident seçkilərində namizədliyini irəli sürə bilər
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı aktyor Mettyu Makkonahi 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edə bilər.

Məşhurların siyasətə qoşulması ABŞ-də qeyri-adi hal deyil. Buna nümunə olaraq televiziya realiti-şousundan prezidentliyə yüksələn Donald Tramp göstərilir. Makkonahinin özü də aktyorluq karyerasını başa vuraraq siyasətə başlaya biləcəyini istisna etməyib.

Aktyor ara seçkilər ərəfəsində yayımladığı video müraciətində bildirib ki, müstəqil namizədlər qanunvericiləri “əksər Amerika dəyərlərinin cəmləşdiyi mərkəzə” qaytara bilərlər.

“Müstəqil namizədlər mübarizədə olmalıdırlar. Onlar etiraz və ya dağıdıcı qüvvə kimi deyil, seçki bülletenində yer almalı, ciddi şəkildə nəzərdən keçirilməli olan real və potensial qaliblər kimi çıxış etməlidirlər”, – deyə Makkonahi bildirib.

“Washington Post” (WP) Florida qubernatorunun da prezidentliyə namizəd olmaq planlarından xəbər tutub.

Nəşr mümkün namizədlər sırasında ara seçkilər ərəfəsində Respublikaçılar Partiyasını dəstəkləmək niyyətində olmadığını açıqlayan mühafizəkar siyasi şərhçi Taker Karlsonun da adını çəkir.

“Mən bütün həyatım boyu Respublikaçılara səs vermişəm, Fox News-da işləmişəm. 35 il Respublikaçılar Partiyasını dəstəkləmişəm, amma indi bunun üçün heç bir əsas yoxdur, çünki bu, əxlaqsızdır”, – deyə Karlson iyun ayında bildirib.

Karlson daha əvvəl prezidentliyə mümkün namizədliyi ilə bağlı iddiaları rədd edərək, heç vaxt siyasi fəaliyyətlə maraqlanmadığını söyləyib. Bununla belə, Prezident Donald Trampdan uzaqlaşan bir qrup respublikaçı, o cümlədən Trampın keçmiş kampaniya əməkdaşı Co Kent və sabiq konqresmen Marjori Teylor Qrin onu namizədliyini irəli sürməyə inandırmağa çalışıb.

Nəşrin məlumatına görə, Respublikaçılar Partiyası dövlət katibi Marko Rubionu namizəd göstərərsə, Karlson 2028-ci il seçkilərində üçüncü tərəfin namizədi kimi mübarizəyə qoşula bilər. Lakin vitse-prezident Cey Di Vens Respublikaçıların namizədi olarsa, Karlsonun seçkilərdə iştirak etməyəcəyi bildirilir. Karlson özü hələlik bu məlumatı şərh etməyib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2028-ci il noyabrın 7-nə təyin olunub. Seçiləcək prezident dördillik müddətə vəzifəsinin icrasına 2029-cu il yanvarın 20-də başlayacaq.

2016 və 2024-cü illərdə prezident seçkilərində qalib gələn Donald Tramp ABŞ Konstitusiyasına əsasən, iki müddət prezident vəzifəsində qala biləcəyi üçün üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Onun ikinci prezidentlik müddəti 2029-cu il yanvarın 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti