Bakı. Trend:
Pakistanın Kəraçi şəhərinin Bəluc Koloni rayonunda inşası başa çatmamış altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bazar günü xilasedicilər dağıntılar altından daha iki nəfərin meyitini çıxarıblar.
Cümə günü isə 28 yaşlı Məhəmməd Adil dağıntılar altından sağ çıxarılıb. "Rescue 1122" xidmətinin son məlumatına görə, daha iki nəfər itkin düşmüş hesab olunur. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
İlkin məlumata əsasən, bina yaşayış massivində keyfiyyətsiz tikinti materiallarından istifadə edilməklə qanunsuz şəkildə inşa olunub.
Polis binanın sahiblərindən biri və üç podratçı da daxil olmaqla, dörd şübhəlini saxlayıb. Məhkəmənin qərarı ilə onlar beş gün müddətinə həbs ediliblər.
Qeyd edək ki, hadisə noyabrın 25-də baş verib. Həmin vaxt tikinti sahəsində 20-dən çox fəhlə olub.
