Bakı. Trend:
Leobank 2027-ci il yanvarın 1-dən qara kart üzrə bəzi tariflərə dəyişiklik edəcək.
Bu barədə bankın müştərilərinə göndərdiyi məlumatda bildirilib.
Dəyişikliyə əsasən, yanvarın 1-dən Leobank-ın qara kartından Azərbaycanın digər banklarının kartlarına şəxsi vəsaitlərin köçürülməsi zamanı fərdi aylıq limitdən artıq məbləğ üçün minimum 1 manat komissiya tətbiq olunacaq.
Komissiya əvvəlki kimi limitdən artıq məbləğin 1 faizi həcmində hesablanacaq, lakin 1 manatdan az olmayacaq. Məsələn, limitdən artıq 50 manat köçürüldükdə komissiya 0,5 manat deyil, 1 manat təşkil edəcək.
Fərdi aylıq limit daxilində şəxsi vəsaitlərin köçürülməsi isə əvvəlki kimi pulsuz qalacaq. Müştərilər öz limitlərini Leobank tətbiqində kart bölməsinə daxil olaraq “Limitlər” hissəsindən yoxlaya bilərlər.
Bundan başqa, 2027-ci il yanvarın 15-dən MilliÖN terminalları və M10 elektron pulqabıları vasitəsilə Leobank kartlarının artırılmasına görə 0,5 faiz komissiya tutulacaq.
Bankın məlumatına görə, digər tariflərdə dəyişiklik nəzərdə tutulmayıb.
