Azərbaycanda 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 11:31 (UTC +04:00)
Azərbaycanda 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

“2026–2028-ci illər üçün Milli Standartlaşdırma Proqramı” çərçivəsində Azərbaycanda 4 minə yaxın normativ sənədin işlənib hazırlanması nəzərdə tutulur.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə cümə günü Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində çıxışında deyib.

O bildirib ki, proqram 2025-ci ilin dekabrında təsdiqlənib, cari ilin iyulunda isə sənədə müvafiq dəyişikliklər edilib.

Proqram çərçivəsində ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik üzrə 532, mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442, neft və əlaqəli texnologiyalar üzrə 338, tekstil və dəri texnologiyası üzrə 333 standartın qəbulu planlaşdırılır.

K.Məmmədzadə qeyd edib ki, energetika və ətraf mühit sahələrində hazırda 60-dan çox standart qüvvədədir. Bu standartlar enerji resurslarından səmərəli istifadəyə, istixana qazları emissiyalarının azaldılmasına, ekoloji məsuliyyətin gücləndirilməsinə və yaşıl iqtisadiyyata keçidin dəstəklənməsinə xidmət edir.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında 620 yeni dövlət standartı qəbul olunub. Bunlardan 530-dan çoxu istinad standartlarıdır. Eyni dövrdə mövcud 28 dövlət standartının aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyənləşdirilməsi məqsədilə yoxlama aparılıb.

O əlavə edib ki, hazırda ölkədə müxtəlif sahələri əhatə edən standartlaşdırma üzrə 43 texniki komitə fəaliyyət göstərir. Onlardan maşınqayırma, mexaniki və hidravlik sistemlər, məhkəmə ekspertizaları və istehlak malları üzrə üç texniki komitə cari ildə yaradılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti