Bakı. Trend:
Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması çərçivəsində qarşıdakı dövrdə bir neçə yeni texniki reqlamentin qəbulu nəzərdə tutulur.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov cümə günü Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində çıxışında deyib.
O bildirib ki, artıq iki texniki reqlament qəbul olunub. Həmin reqlamentlər qəbul olunduqları tarixdən altı ay sonra qüvvəyə minəcək və onların tələblərinə riayət olunması məcburi olacaq.
İ.Həsənov standartlarla texniki reqlamentlər arasındakı fərqə diqqət çəkərək qeyd edib ki, Azərbaycanda 2019-cu ildə qəbul olunmuş “Standartlaşdırma haqqında” Qanuna əsasən standartların tətbiqi könüllü xarakter daşıyır.
“Sahibkarlıq subyektləri standartları könüllü tətbiq edə bilərlər. Beynəlxalq standartlardan istifadə məhsulun istehsalının və proseslərin təşkilinin beynəlxalq təcrübəyə əsaslanmasına, daha səmərəli nəticələrin əldə olunmasına imkan yaradır”, – deyə o bildirib.
Sədr müavini qeyd edib ki, hazırda Azərbaycanda 2106 qüvvədə olan standart var. Azərbaycan Standartlaşdırma İnstitutunun əsas vəzifələrindən biri sahibkarların ən yeni standartlara çıxışını təmin etməkdir.
İ.Həsənovun sözlərinə görə, standartlar real dəyər yaradan normativ sənədlər kimi qəbul edilməli, onların düzgün və praktik tətbiqinə diqqət yetirilməlidir. Yalnız sənəd və ya sertifikat əldə olunması məhsulun keyfiyyətinin və fəaliyyətin səmərəliliyinin yüksəlməsi üçün kifayət etmir.
O, bəzi istehsalçı və satıcıların məhsullarının beynəlxalq və Avropa standartlarına uyğunluğu barədə bəyanatlarının da araşdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, belə hallarda məhsulun həqiqətən müvafiq standartın tələblərinə uyğun istehsal olunub-olunmadığı müəyyənləşdirilməlidir.
