FAO azad edilmiş ərazilərdə təbii ehtiyatları və aqrar imkanları üzrə proqram hazırlayır– Nasar Hayat (MÜSAHİBƏ)

İqtisadiyyat Müsahibə 16 Oktyabr 2026 10:27 (UTC +04:00)
FAO azad edilmiş ərazilərdə təbii ehtiyatları və aqrar imkanları üzrə proqram hazırlayır– Nasar Hayat (MÜSAHİBƏ)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat Trend-ə müsahibə verib.

Cümə günü ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgə təşkil etdiyi “Ümumdünya Qida Günü 2026” adlı tədbir çərçivəsində verilən müsahibədə Nasar Hayat FAO ilə Azərbaycan arasındakı əməkdaşlıqdanb danışıb.

O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə aqrar sahədə süni intellekt həlləri, texnoloji və rəqəmsal innovasiyalar üzrə əməkdaşlıq etdiyini, təşkilatın, həmçinin işğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlarının və kənd təsərrüfatı potensialının inkişafına dair strategiya və proqramın hazırlanması istiqamətində nazirliklə birgə işlədiyini diqqətə çatdırıb.

Nasar Hayat bildirib ki, FAO Azərbaycanda həyata keçirilməsi üçün bir sıra layihələri nəzərdən keçirir. Hazırda təşkilatın əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyinə Kənd Təsərrüfatının İnkişafı Proqramı çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaqda dəstək göstərməkdir.

“Bununla yanaşı, kənd təsərrüfatı sektoru iqlim dəyişmələri, su çatışmazlığı və torpağın sağlamlığı da daxil olmaqla müxtəlif problemlərlə üzləşir. Bunlar həmin problemlərdən yalnız bir neçəsidir. Bütün bu istiqamətlərdə dəstək göstərməyi nəzərdə tuturuq”, – deyə o qeyd edib.

FAO nümayəndəsinin sözlərinə görə, əməkdaşlıq həm nazirliyin proqram çərçivəsində nəzərdə tutulan nəticələrə nail olmasına, həm də Azərbaycan əhalisinin və fermerlərinin ehtiyaclarına xidmət etməlidir.

Nasar Hayat süni intellektin kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə getdikcə daha faydalı vasitəyə çevrildiyini bildirib.

O vurğulayıb ki, hazırkı mərhələdə aqrar sektorda innovasiyaların tətbiqi, texnologiyalardan istifadə və rəqəmsallaşma zəruridir. Bu imkanlar yalnız ən qabaqcıl kənd təsərrüfatı texnologiyaları ilə məhdudlaşmır, fermerlərin gündəlik fəaliyyətinə təsir edən müxtəlif istiqamətləri də əhatə edir.

“Erkən xəbərdarlıq, iqlim dəyişmələri, sudan səmərəli istifadə və bazar məlumatları kimi sahələri də nəzərdən keçirə bilərik. Bunlar texnologiyanın fermerlərə daha yaxşı nəticələr əldə etməkdə və daha az resursla daha yaxşı məhsul istehsal etməkdə real dəstək göstərə biləcəyi istiqamətlərdən bəziləridir”, – deyə o bildirib.

Nasar Hayat FAO-nun Azərbaycanda kənd təsərrüfatı üçün süni intellekt həllərinin hazırlanması və tətbiqinə dəstək imkanlarının olduğunu da qeyd edib.

“Biz Kənd Təsərrüfatı Nazirliyi ilə süni intellekt həlləri, eləcə də digər texnoloji və rəqəmsal innovasiyalar üzərində işləyirik. Yalnız Azərbaycandakı ofisimizdə deyil, Ankaradakı subregional ofisimizdə, Budapeştdəki regional ofisimizdə və Romadakı baş qərargahımızda da geniş imkanlarımız var”, – deyə FAO nümayəndəsi vurğulayıb.

FAO nümayəndəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək məsələsinə də toxunub.

O bildirib ki, təşkilat həmin bölgəyə kənd təsərrüfatı və təbii ehtiyatların idarə olunması baxımından yanaşır.

“Hazırda həmin ərazinin təbii ehtiyatlarının və kənd təsərrüfatı potensialının necə inkişaf etdirilə biləcəyinə dair strategiya və proqram hazırlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə işləyirik”, – deyə Nasar Hayat qeyd edib.

Qarabağa dəfələrlə səfər etdiyini bildirən FAO nümayəndəsi bölgənin aqrar istehsal imkanlarını yüksək qiymətləndirib.

“Qarabağ bölgəsində dəfələrlə olmuşam. Bölgənin böyük potensialı var. Həm təbii ehtiyatlar, həm də su ehtiyatları baxımından çox zəngindir və kənd təsərrüfatı istehsalı üçün olduqca yüksək potensiala malikdir”, – deyə o bildirib.

Nasar Hayat kənd təsərrüfatına daha çox gəncin cəlb edilməsinin əhalinin ərzaqla təmin olunması baxımından vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətdə əsas vəzifələrdən biri gənclərə kənd təsərrüfatı ilə texnologiya arasındakı əlaqəni izah etməkdir.

“Gənclərin əksəriyyəti, xüsusilə şəhərlərdə yaşayanlar düşünürlər ki, kənd təsərrüfatı hələ də onların nənə və babalarının məşğul olduğu fəaliyyətlə eynidir. Halbuki son iki nəsil ərzində kənd təsərrüfatı çox böyük inkişaf yolu keçib”, – deyə o qeyd edib.

FAO nümayəndəsi müasir kənd təsərrüfatının dronlar, süni intellekt, rəqəmsal həllər və peyk təsvirlərindən istifadə olunan sahəyə çevrildiyini bildirib.

“İndi bu sahə dronlar, süni intellekt, rəqəmsal həllər və peyk təsvirləri ilə bağlıdır. Yəni kənd təsərrüfatı da istənilən digər sahə qədər müasirdir”, – deyə Nasar Hayat vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası 20 oktyabr 1995-ci il tarixində FAO-ya üzv olmuşdur

Məqalədə:

Xəbər lenti

Xəbər lenti